Bu gün «Carscoops» internet portalı yeni nəsil Hyundai Elantra modelinin «qaynar» modifikasiyasının Cənubi Koreyadakı dayanacaqların birində çəkilmiş cəsus şəkillərini dərc etmişdir. Yeni modifikasiyanın kamuflyajsız şəkillərindən də göründüyü kimi, «qaynar» modifikasiya daha aqressiv dizayna malik olan bamperlər, yan kandarlar, iri hava girişləri, azaldılmış klirens və səsboğucu sistemin ikiqat borularını əldə edəcəkdir.
Söylənənlərə görə, Sport indeksini alacaq yeni modifikasiya cüzi dəyişikliklərə məruz qalmış ön və arxa fənərlərlə və iri təkər diskləri ilə də təchiz ediləcəkdir. Bundan əlavə, avtomobil təkmilləşdirilmiş asqı və daha güclü əyləc mexanizmləri də əldə edəcəkdir.
Hyundai Elantra Sport modifikasiyası 1.6-litrlik «turbodördlüklə» hərəkətə gələcəkdir. 200 at qüvvəsi gücə malik olan turbomühərrik altı pilləli mexaniki və ya yeddi diapazonlu iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışacaqdır.
«Qaynar» sedan yerindən 100 km/saat sürətinə qədər təxmini səkkiz saniyəyə sürətlənəcəkdir. Avtomobilin ilk rəsmi təqdimat mərasimi bu yaxınlarda Cənubi Koreyada baş tutmalıdır. Onun Şimali Amerikadakı debütü isə SEMA sərgisində keçiriləcəkdir.