Bu gün internet şəbəkəsində yeni nəsil Ford Focus modelinin cəsus fotoşəkilləri peyda olub. Cüzi kamuflyaja malik olan avtomobilin şəkillərini Drivemag nəşri dərc edib.
Eksteryerin bir sıra elementlərini gizlədən rəngli örtüyün olmasına baxmayaraq, tam işıqdiodlarından olan ön fənərləri, arxa fənərlərin formasını, xromla örtülmüş radiator barmaqlığını və pəncərə xəttini müşahidə etmək mümkündür. İlkin məlumatlara görə, yeni Focus Ford şirkətinin yeni modul platformasında inşa ediləcəkdir.
Yeni avtomobil cari modelə nisbətən daha iri, geniş və yüngül olacaqdır. Modelin təkər bazası 50 millimetr geniş, çəkisi isə 50 kiloqram yüngül olacaqdır. Yeni Ford Focus modelinin mühərrik çeşidinə 100 -140 arasında gücə malik olan 1,0-litrlik üçsilindrli mühərrik, həmçinin 1,5 və 2,0-litrlik mühərriklər daxil olacaqdır. Sonuncu mühərrik “qaynar” Focus ST modifikasiyasının kapotunun altında yerləşdiriləcəkdir. “Qaynar” modifikasiya ilə yanaşı avtomobilin elektrik və kuzovun müdafiə dəsti olan “yolsuzluq” variantları da buraxılacaqdır.
Yeni nəsil Ford Focus modelinin gələn ilin yanvarında keçiriləcək Detroyt avtosalonunda debüt edəcəyi ehtimal olunur.