Mercedes-Benz şirkəti, bayraqdar modeli olan S-Class sedanının yenilənmiş variantının sınaqlarını intensivləşdirmişdir. Bunu artıq sınaqları başa çatmaq üzrə olan dəbdəbəli sedanın dəfələrlə cəsusların obyektivlərinə tuş gəlməsi də təsdiq edir. Cəsuslara əvvəllər də yenilənmiş avtomobilin cüzi kamuflyajla örtülmüş variantının fotoşəkillərini çəkmək nəsib olmuşdur. Lakin, bu dəfə onlar avtomobilin salonuna «baxmaq» şansı da əldə etmişdirlər.
«Motor1» saytı tərəfindən dərc edilmiş cəsus fotoşəkilləridən də göründüyü kimi, 2018 model ilinin Mercedes-Benz S-Class sedanı indiki bayraqdar modelindən yeni ön bamper və işıq texnikası ilə fərqlənəcəkdir. Bundan başqa, dəbdəbəli sedan yeni arxa bamper ilə cütlənmiş boruları olan yeni buraxılış sistemini əldə edəcəkdir. Mercedes-Benz S-Class sedanının interyerindəki dəyişikliklər də sırf kosmetik xarakter daşıyacaqdır.
Böyük ehtimalla, yeni S-Class, bir müddət bundan öncə Flame Towers Fairmont otelində debütünü izlədiyimiz Mercedes-Benz E-Class modelində gördüyümüz cihazlar panelinin və multimedia sisteminin vahid şüşə altında birləşmiş ekranları ilə təchiz ediləcəkdir. Xatırladaq ki, cari Mercedes-Benz S-Class modelində bu iki displeyin arasında bir sıra sistemlərin idarəetmə düymələri yerləşir.
Bundan əlavə, yenilənmiş Mercedes-Benz S-Class modelinin salonunda yeni üç qollu sükan çarxını və yenilənmiş mərkəzi konsolu görə biləcəyik. Mərkəzi konsolda sensorlu paneli olan kontrollerin olacağı ehtimal edilir.
Yenilənmiş Mercedes-Benz S-Class modelinin mühərrik çeşidinə bir neçə yeni altı silindirli mühərrikin daxil ediləcəyi də söylənənlər arasındadır. Yenilənmiş avtomobilin rəsmi debütü gələn ilin əvvəlində baş tutmalıdır.
Çox güman ki, səbirsizliklə gözlənilən bu hadisə Detroyt avtosalonunda baş verəcəkdir.