Çex MW Motors şirkəti özünün ilk modelini təqdim edib. Bu Luka EV adlı elektrik kupesidir. Avtomobil keçən əsrin 60-cı illərinin üslubunda hazırlanıbdır. Onun yürüş ehtiyatı isə 300 kilometrə qədərdir.
Luka EV kupesinin əsasını alüminiumdan hazırlanmış şassi təşkil edir. Elektrokarın kuzovu şüşə lifləri ilə gücləndirilmiş plastikdən hazırlanıb. Kupenin uzunluğu 4050 millimetr, eni – 1620 millimetr, hündürlüyü isə 1220 millimetr təşkil edir. Onun çəkisi 815 kiloqrama bərabərdir. Elektrik kupesi dörd elektrik mühərriki ilə təchiz edilir. Onların ümumi gücü 66 at qüvvəsinə bərabərdir. Təkər toplarında yerləşdirilmiş elektrik mühərrikləri 21,9 kilovat-saatlıq tutumu olan nikel-kobalt-maqnezium batareyalarından qidalanır.
Bu batareyaların 80 faizini 60 dəqiqəyə doldurmaq olar. Yerindən 100 km/saat həddinə kupe 9,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti 146 km/saatdır. Modelin təchizatına sensorlu displeyi olan multimedia sistemi, dəri ilə üzlənmiş oturacaqlar və bir sıra müasir texnologiyalar daxildir. Bu texnologiyaların nədən ibarət olması hələlik açıqlanmayıb. Avtomobilin qiyməti məlum deyildir, lakin onu test-etmək mümkündür. Bunun üçün şirkətin saytına daxil olub növbəyə yazılmaq gərəkdir.