Bu gün Lauzitsrinqdə DTM çempionatının 500-cü yarışı keçiriləcəkdir. Bu yarışın start düzülüşünü müəyyən edən sıralama sessiyasında Audi Sport Team Rosberg komandasının britaniyalı pilotu Ceymi Qrin yubiley yarışına pouldan başlamaq hüququnu əldə edib.
Britaniyalı Lauzitsrinqdəki dövrəni 1.37,397 zamanla başa vuraraq ilk sıradan start almaq hüququnu əldə edib. Özəl WRT Team Audi Sport komandasının gənc pilotu Conatan Aberdin sensasiyaya imza ataraq ikinci nəticəni göstərib. Gənc pilot daha təcrübəli Niko Mülleri qabaqlamağa müvəffəq olub. Pilotlar birinciliyinə liderlik edən Rene Rast dördüncü nəticəni göstərib.
Robin Frayns beşinci, Marko Vittmann - altıncı, Loik Dyüval - yeddinci, Pietro Fittipaldi isə səkkizinci olub. İlk onluğu Timo Qlok və Mayk Rokenfeller tamamlayıb. Aston Martin düşərgəsindən olan Pol di Resta 14-cü nəticəni əldə edərək, britaniya markasının ən yaxşı nəticə göstərmiş pilotu olub.