Bu gün Nürburqrinqdə keçiirləcək ikinci yarışın start düzülüşünü müəyyən edən təsnifat mərhələsinin qalibi Ceymi Qrin (Audi) olub. Ümumiyyətlə, Audi pilotları sıralamalarda çox güclü olublar. İlk üç cərgəni İnqolştadt təmsilçiləri zəbt ediblər. Rene Rast sıralama sessiyası boyu cədvələ başçılıq etsə də, poul son saniyələrdə onun əlindən çıxıb. Ceymi Qrin sırlamanın son dəqiqəsində komanda yoldaşını 0,001 saniyə üstələyərək, poulu alman pilotun əlindən alıb.
Mayk Rokenfeller də poula iddia olduğunu nümayiş etdirib - alman pilot liderə cəmi 0,075 saniyə uduzub. Mayk ilə birlikdə ikinci cərgədən yarışı başlayacaq pilot Rabin Frayns olacaqdır. Beşinci və altıncı nəticəni özəl WRT Team Audi Sport komandasının pilotu Conatan Aberdin və Audi Sport Team Phoenix komandasının fransız pilotu Loik Dyuval göstəriblər. Yeddincidən onuncuya qədər olan mövqelərdə isə, BMW komandasının pilotları Timo Qlok, Marko Vittmann, Bruno Spenqler və Şeldon van der Linde qərarlaşıblar.
Rene Rastın çempionluq titulu uğrunda əsas rəqibi olan Niko Müller ilk onluğa daxil ola bilməyib. İsveçrəli pilot bu günki yarışı 14-cü yerdən başlayacaqdır.