Changan şirkəti CS75 Plus modelinin plan üzrə yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş Changan CS75 Plus modelini tərtibatı dəyişdirilmiş bamperləri, işıq texnikası və radiator barmaqlığı sayəsində tanımaq olar. Restaylinq keçmiş krossover aralarında şəffaf bölmə olan yeni ön fənərləri alıb. Qabarit işıqları ilə birlikdə işə düşən işıqlanan zolaq isə əvvəl də mövcud idi. Arxa fənərlər də funksional diod zolaqla birləşdirilib.
Krossoverin təchiz edildiyi 18 və 19 düymlük təkər disklərinin dizaynı da dəyişdirilib. Əvvəlki kimi radiator barmaqlığı iki variantda təklif edilir, lakin onların da tərtibatı yenilənib. Standart versiya iri dəlikləri olan barmaqlığa malikdir. Opsiya sayılan ən aqressiv görünüşlü barmaqlıq isə V-şəkilli naxışları ilə seçirlir. Yeni dayaq krossoverin uzunluğunu simvolik 10 millimetr artıraraq, 4700 millimetrə çatdırıb.
Changan CS75 Plus modelinin mühərrik çeşidində yenilik olmayıb: krossover əvvəlki kimi 178 at qüvvəli 1,5-litrlik və 233 at qüvvəli 2,0-litrlik turbomühərriklər ilə təklif edilir. Lakin hər iki aqreqat 8-pilləli Aisin “avtomatı” ilə təchiz olunur. Əvvəllər belə qutu yalnız 2,0-litrlik mühərriklə birlikdə quraşdırılırdı, 1,5-litrlik mühərrik üçün isə, sadə 6-pilləlı “avtomat” nəzərdə tutulmuşdu. Ötürmə - əvvəl olduğu kimi ön oxadır.
Yenilənmiş Changan CS75 Plus modeli Çin bazarında gələn ilin yazında satışa çıxacaqdır. Yenilənmədən əvvəlki krossover daxili bazarda 18.500 dollardan başlayan qiymətlərlə satılır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.