Bu yaxınlarda Changan şirkətində böyük təşkilati dəyişikliklər baş verib. O, China South Industries Group dövlət müdafiə konserninin tərkibindən çıxaraq, şaquli şəkildə inteqrasiya olunmuş bölmə strukturuna malik olan müstəqil China Changan Automobile Group Co. şirkətinə çevrilib. Yeni şirkət birbaşa Çin Xalq Respublikası Dövlət Şurasının Aktivlərə Nəzarət və İdarəetmə Komissiyasına tabedir, yəni, faktiki olaraq, dövlət mülkiyyətində qalır.

Struktur dəyişikliklərinin fonunda Changan brendinin model cərgəsində baş verən dəyişikliklər qlobal xarakter daşımır. Yenilənmiş Changan Eado sedanı təqdim edilib – bu adı keçən ildən bəri Çində Changan Lamore adı ilə tanış olan model daşıyır.
Sedan fərqli ön bamperi və daha böyük pətəkləri olan radiator barmaqlığını əldə edib. Ön faralar fərqli LED naxışı olan yeni içalata malikdirlər, onların arasında isə, brendin loqotipinin yerləşdiyi işıqlanan bənd peyda olub.

İrəli çıxan qapı tutacaqları klassik variantla əvəzləniblər. Bölünmüş arxa işıqların əvəzinə üçölçülü naxışı olan şəffaf örtüklü monofənər quraşdırılıb. Arxa bamperin forması da dəyişdirilib, hətta bəzi təchizat səviyyələrinin baqaj qapağında yuxarı qalxan spoyler də peyda olub.
Yeni aerodinamik dayaq sedanın uzunluğunu 15 millimetr artıraraq 4785 millimetrə çatdırıb. Qalan ölçülər dəyişməyib: avtomobilin eni 1840, hündürlüyü - 1440, təkər bazası isə, 2765 millimetrdir.

İnteryerdə baş verən dəyişikliklər daha çoxdur. Cihazlar panelinin displeyi sükan çarxına yaxınlaşdırılıb və bir qədər böyüyüb (10 əvəzinə 10,25 düym). Media sisteminin şaquli ekranı (13,2 düym) öz yerini diaqonalı 14,6 düym olan üfüqi planşetə verib.
Media sistemi DeepSeek süni intellektinə əsaslanan səsli köməkçi, həmçinin Apple CarPlay və Huawei HiCar protokolları ilə təchiz olunub. Yeni sükan çarxı və transmissiyanın yeni selektoru quraşdırılıb, iki qat simsiz enerji doldurma paneli də peyda olub. İnteryerin tərtibat materiallarına və rəng sxeminə yenidən baxılıb.

Changan Lamore/Eado sedanının yanacaqlı versiyası hələ cari ilin yazında gücləndirilmiş 1,5-litrlik turbomühərriki əldə edib. Yanacağın 500 bara qədər təzyiq altında püskürdülməsi sayəsində mühərrik əvvəlki 170 at qüvvəsi və 260 Nm əvəzinə 192 at qüvvəsi və 310 Nm hasil edir. Ötürmələr qutusu əvvəlkidir - iki muftalı yeddi pilləli "robot". Ötürmə - yalnız ön oxadır.
Əvvəllər Çindəki çeşidə 98 at qüvvəli 1,5-litrlik atmosfer mühərrikinin generator rejimində işlədiyi plagin hibrid güc qurğusu da əlavə edilib. Belə sedanlar versiyadan asılı olaraq 190 və ya 215 at qüvvəsinə malik olan elektrik mühərriki ilə hərəkətə gəlirlər.
Yenilənmiş Changan Eado bu ilin sonuna qədər Çin bazarında satışa çıxmalıdır, odur ki, onun qiyməti hələlik açıqlanmayıb. Restaylinqdən əvvəlki sedanın Çindəki satış qiyməti 84 min yuandan (11 700 dollar) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.