Changan şirkəti uzun müddətdir ki, pikapların istehsal ilə məşğul olur, lakin daxili, Çin bazarında onları kommersiya avtomobilləri üçün nəzərdə tutulmuş Kaicene törəmə markası altında satır. Çeşiddə həm 7 - 9 min dollara sadə işçi pikaplar, həm də 15 - 25 min dollarlıq orta səviyyəli Kaicene F70 pikapı var.
Changan markası isə, yalnız ixrac üçün istifadə olunur və çinlilər Stellantis konserni üçün üzü dəyişdirilmiş F70 modelini də istehsal edirlər: Peugeot Landtrek adlanan pikap Afrika və Cənubi Amerikaya göndərilirlər. İndi isə, Changan F70 pikapının daxili bazar üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş versiyasını hazırlayıb.
Kaicene F70
Çində aktiv həyat tərzinə üstünlük verənlər arasında belə pikaplara olan tələbat artmaqdadır. Fərdi şəxslər daha zəngin təchizatı, dəbli dizaynı və güclü mühərriki olan avtomobilləru tələb edirlər. Bu auditoriya üçün, xüsusi olaraq, Changan Lantop, yəni şirkətin əsas brendi altında satılacaq modernləşdirilmiş və təkmilləşdirilmiş Kaicene F70 hazırlanıb.
İkiqollu ön asqıya və bütöv arxa körpüyə malik olan çərçivəli şassi əvvəlki kimi qalır, hətta təkər bazası (3430 millimetr) da dəyişməyib. Yük bölməsinin həndəsəsi (uzunluğu 1850, hündürlüyü 500 millimetr) qorunub saxlanılır. Amma pikapın ön hissəsi ciddi şəkildə yenidən işlənib. 5600 millimetr uzunluğundakı pikap yeni xarici panellərə, zəngin xrom dekora və tam LED işıq texnikasına sahib olub.
İnteryer üzərindəki sirr pərdəsi hələlik açılmayıb, lakin onun ekranlar, elektrik ötürücüləri və digər rahatlıq elementləri ilə təchiz edilmiş “minik” tərtibatına malik olacağı gözlənilir. Bundan başqa, modifikasiya çeşidinə əlavə müdafiə elementlərinə malik olan kuzov dəsti, qara dekor, şnorkel və ofroud şinləri ilə təchiz edilmiş Pro versiyası (o, artıq sertifikatlaşdırılıb) da daxil ediləcəkdir.
Changan Lantop pikapı artıq şirkətin krossoverlərindən tanış olan, lakin orijinal Kaicene F70 pikapı üçün təklif edilməyən 2,0-litrlik benzin “turbodördlüyünü” alıb. Mühərrik 233 at qüvvəsi və 390 Nm fırlanma anı hasil edir, əsas transmissiya isə, “avtomat” olacaqdır.
Çeşidə arxa və tam ötürməli (ön oxun sərt birləşməsi ilə klassik part-time) versiyalar daxil olacaqlar. Daha sonra Great Wall şirkətindən alınmış 163 at qüvvəli 2,0-litrlik turbodizel də pikapın mühərrik çeşidində peyda olmalıdır.
Changan Lantop bu ilin sonuna kimi Çin bazarında peyda olacaq və Great Wall Poer pikapının əsas rəqibinə çevriləcəkdir. Lantop modelinin başlanğıc qiymətinin təxminən 25.000 dollar olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.