Changan Çin bazarında Huawei və CATL ilə birgə təsis etdiyi Avatar Technology birgə müəssisəsinin ilk seriya modelinin satışlarına başlayıb. Bu, Avatr 11 adlanan “kosmik” görünüşə, zəngin avadanlığa və təsiredici dinamikaya malik elektrik krossoveridir.
Changan krossoverin başlanğıc versiyasını 349 min (88 min manat) yuana qiymətləndirib. Givenchy moda evinin kreativ direktoru ilə birgə yaradılmış Avatr 011 “top” versiyası üçün isə, şirkət 600 min (151 min manat) yuan istəyir.
Avatr 11 modelinin futuristik dizaynı Changan dizaynerləri tərəfindən yaradılıb. Modelin əsasını təşkil edən CHN modul platforması da Changan tərəfindən təmin edilib. Geniş çeşiddə elektronikaya texnoloji nəhəngi Huawei, dartma batareyalarına isə CATL cavabdehdir.
Krossover ön işıq texnikasının nazik xətlərinə, “batırılmış” qapı tutacaqlarına, kiçik arxa pəncərəyə və açılan spoylerə sahib olub.
Avatr 11 modelinin salonunda üç displey var - virtual cihazlar paneli, multimedia sisteminin böyük planşeti və ön sərnişin üçün ayrıca ekran. Elektromobilin özəl xüsusiyyəti 34 sensordan alınan məlumatların əsasında işləyən Huawei avtopilotudur: sensorlar üç lidar, altı ədəd bir millimetr dalğalı radar, 12 ultrasəs sensoru və 13 kameradan ibarətdir.
Avtopilotun hesablama platforması saniyədə 400 trilyon əməliyyat yerinə yetirmək qabiliyyətinə malikdir.
Avatr 11elektrik krossoveri 578 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən ikimühərrikli elektrik güc qurğusu ilə hərəkətə gəlir. Elektrokar yerindən 100 km/saat həddinə qədər dörd saniyədən az müddətdə sürətlənir. Təhlükəsizlik baxımından, onun maksimal sürəti 200 km/saat həddində məhdudlaşdırılıb. Dolu batareya ilə qət edilən məsafə 555 ilə 680 kilometr arasındadir.
Növbəti bir neçə il ərzində gənc Avatr brendinin çeşidinə xarakteristikaları gizli saxlanılan daha üç elektromobil daxil olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.