Changan şirkəti Oshan markası altında buraxılacaq yeni modeli təqdim edib. Bu, dəbli çərçivəsiz radiator barmaqlığı və hibrid güc qurğusu olan orta ölçülü önötürməli krossoverdir. Yeni krossover Çində Z6 indeksi ilə satılacaqdır. Oshan Z6 modelinin maraqlı xüsusiyyətlərindən biri alın şüşəsinin altında yerləşən və bortkompüterin məlumatlarının ötürüldüyü əlavə ekrandır.
Oshan Z6 modelinin ön panelidə üç ekran var: 10,3-düymlük rəqəmsal cihazlar paneli, multimedia sisteminin 12,3-düymlük ekranı və yuxarıda adı çəkilən 9,1-düymlük displey. Əlavə ödəniş qarşılığında proyeksiya displeyini də sifariş etmək olar. Çox güman ki, belə bir konfiqurasiya yaxın zamanlarda trendə çevrilə və vahid şüşə altında birləşdirilmiş virtual cihazlar panelinin və multimedia sisteminin ekranlarını əvəzləyə bilər.
Oshan krossoverinin uzunluğu 4,7 metr, təkər bazası isə 2,8 metrdir. Bir sözlə, Z6 modeli ölçülərinə görə Changan Uni-K krossoverindən bir qədər kiçikdir. Krossoverin mühərrik çeşidində üç güc aqreqatı var: 188 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, 233 at qüvvəli 2,0-litrlik turbomühərrik və 1,5-litrlik mühərrik ilə elektromotordan ibarət olan 279 at qüvvəli hibrid güc qurğusu.
Oshan Z6 modelinin Çindəki satışlarına bu ilin yayında başlanacaqdır. Yeni krossoverin qiyməti açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.