Chery eQ elektrik xəttinin flaqmanına çevriləcək gələcək eQ7 krossoverinin növbəti tizerlərini paylaşıb. Yeni orta ölçülü krossoverin Çin markasının digər modellərindən yüngülcə ön panelə “batırılmış” geniş ekranı olacaqdır. Chery eQ7 modelinin eksteryer dizaynı əvvəllər açıqlanıb, indi isə avtomobil istehsalçısı böyük displeyin nümayiş etdirildiyi iki interyer şəklini yayımlayıb.
Yeni görüntülərdə tanış Chery modellərindən fərqli dizayna malik olan ön paneli görmək mümkündür. Özündə rəqəmsal cihazlar panelini və multimedia sisteminin ekranını birləşdirən vahid klaster yüngül şəkildə ön panelə “batırılıb”, onun hər iki tərəfində isə, havalandırma sisteminin düzbucaqlı deflektorları yerləşir.
Üstəlik, ənənəvi mərkəzi konsol yoxdur – görünən odur ki, bütün sistemlər ekrandan və sükandakı düymələrdən idarə olunacaqlar. Mərkəzi tuneldə smartfonlar üçün iki simsiz enerji doldurma yuvasını və bir cüt fincan tutucusunu görmək mümkündür. Ümumiyyətlə, kokpitin dizaynı minimalistik və təmkinli görünür.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.