Chery markasının flaqmanı olan Arrizo 8 sedanı haqqında yeni məlumat peyda olub. Model D sinifinə aiddir, yəni ölçülərinə görə, Volkswagen Passat və Toyota Camry modelləri ilə müqayisə ediləndir. Çinin Sənaye nazirliyinin bazasında aşkar edilmiş məlumata görə, yeni sedan Exeed TXL modelindən götürülmüş 197 at qüvvəli 1,6-litrlik mühərrik və 156 at qüvvəsi hasil edən 1,5-litrlik mühərriklə təchiz ediləcəkdir. Birinci mühərrik idman görkəmi olan, ikincisi isə, daha sadə tərtibatlı versiya üçündür.

Yeni Chery Arrizo 8 sedanının köndələn yerləşən mühərriki olan ön ötürməli platformada inşa edildiyi məlumdur. Baza sedanı, lyuk və dairəvi müşahidə sistemi də daxil olmaqla, kifayət qədər zəngin standart təchizatı ilə seçiləcəkdir. Bahalı versiyalarda multimedia sisteminin 12,3-düymlük ekranı və proyeksiya displeyi quraşdırılacaq, təhlükəsizlik yastıqlarının sayı isə, 10 ədədə yaxınlaşacaqdır.

1,6-litrlik mühərrik ilə təchiz edilmiş sedan qarışıq rejimdə 100 kilometrə 6,5 litr, 1,5-litrlik baza aqreqatı ilə isə, 7,2 litr sərf edəcəkdir. Chery Arrizo 8 modelinin maksimal sürəti müvafiq olaraq 205 və 195 km/saat olacaqdır. 

İlkin məlumata görə, ən bahalı flaqman sedanı 150 min yuana (38 min manat) satılacaqdır. Yəni, Chery markasının flaqmanı Çində 180 min yuana (47 min manat) satılan Toyota Camry sedanından ucuzdur. Bu proqnozun doğru olacağını yaxın zamanda öyrənə biləcəyik - Chery Arrizo 8 modelinin satışlarına cari ilin ikinci yarısında start verilməlidir. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.