Chery Automobile Co. şirkəti Şnxayda keçirilən avtosalonda Tiggo Coupe Concept konseptual krossoverini təqdim etmişdir. Qeyd etmək lazımdır ki, bu konsept istehsalçının heç bir modelinə bənzəmir.
Bildirmək istəyirik ki, konsept haqqında geniş məlumat verilməmişdir. Təsvirlərdən də göründüyü kimi, prototip iri təkər tağlarına, güclü maillik xətti olan arxa şüşəyə, alçaq tavan xəttinə və tam işıqdiodlarından hazırlanmış fənərlərə malikdir.
Müasir konseptlərdə olduğu kimi, Tiggo Coupe Concept də taybatay açılan qapılara malikdir və ənənəvi qapı dəstəklərindən məhrumdur. Həmçinin avtomobilin yan güzgüləri kameralar ilə əvəzlənmişdir. Konseptin salonunda dörd oturacaq quraşdırılmışdır.
Son tendensiyalara uyğun olaraq konseptin salonunda fiziki düymələrdən imtina edilmişdir. Sistemlərin idarəedilməsi sensorlu displeylər vasitəsi ilə həyata keçirilir. Salonda quraşdırılan iki displeydən biri cihazlar panelinin, digəri isə mulıtimedia sisteminin displeyidir. Bundan başqa, avtomobilin avtonom idarəetmə sistemi ilə də təchiz edildiyi bildirilmişdir.
Bununla belə, bu sistemin çalışma prinsipi barədə məlumat verilməmişdir.