Chery şirkətinin Çində təqdim etdiyi yeni model eQ7 və ya Shuxiangjia adlı orta ölçülü elektrokardır. O, çinlilər tərəfindən ailə avtomobili kimi səciyyələndirlir. Chery şirkətindən eQ7 modelinin Çinin ilk yüngül alüminium platformasına əsaslandığını bildirilib. Altı təchizat səviyyəsi, iki güc aqreqatı və müxtəlif yardım sistemləri ilə təchiz edilən elektrokarın qiyməti 143,9 min yuandan (33,6 min manat) başlayır.
Nazik optikaya malik olan Chery eQ7 krossoveri Chery şirkətinin Jetour subbrendinin modellərinə bənzəyir. Ölçülərinə görə Çin krossoverini Skoda Kodiaq ilə müqayisə etmək olar: onun uzunluğu 4675, eni – 1910, hündürlüyü - 1660, təkər bazası isə 2830 millimetrdir. Kuzov boyaları palitrasında beş rəng var: ağ, qara, yaşıl, mavi və boz.
Rəqəmsal cihazlar panelinin və multimedia sisteminin 12,3-düymlük ekranları vahid şüşə altında birləşdiriliblər. Çoxfunksiyalı sükan fiziki düymələrin yeganə daşıyıcısıdır.Onun aşağı hissəsi Chery brendinin digər modellərində olduğu kimi “kəsilib”. Salon tərtibatı üçün iki rəng birləşməsi nəzərdə tutulub – qara/ağ və qara/mavi.
Elektrik krossoverinin təchizatına 64 rəngli kontur işıqlandırması, qızdırılan və havalandırılan oturacaqlar, həmçinin masaj funksiyası və ön sərnişin üçün ayaq dayağı daxildir. Ən bahalı krossover ikinci səviyyəli elektron köməkçilər dəsti ilə təchiz olunur: dəstə adaptiv kruiz-kontrol, zolaqdan çıxmanı və toqquşmanı xəbərdar edən sistemləri, zolaqda saxlama sistemi, təcili əyləcləmə və sairə sistemlər daxildir.
Güc aqreqatlarına gəlincə, iki variant əlçatandır. Birinci versiya 184 at qüvvəsi və 225 Nm fırlanma anı hasil edən mühərrik və 53,87 kilovat-saatlıq batareya ilə təchiz edilir. Belə krossover dolu batareya ilə 412 kilometr məsafə qət edə bilər.
Daha güclü versiya 211 at qüvvəsi və 285 Nm fırlanma anı hasil edən mühərrikə və 67,12 kilovat-saatlıq batareyaya malikdir. Ən güclü eQ7 modeli 512 kilometrə qədər məsafə qət edə bilər. O, 100 km/saat həddinə səkkiz saniyəyə sürətlənir və 180 km/saatlıq maksimal sürətə malikdir. Hər iki halda mühərrik arxa oxda quraşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.