Chevrolet şirkəti avtomobilin vəziyyətini təhlil edərək, gələcək nasazlıqlar haqqında sürücünü xəbərdar edən Proactive Alerts xidmətini işə salmışdır. General Motors konsernindən bildirildiyinə görə, buna bənzər texnologiya Boeing 787 təyyarələrində də istifadə edilir. Amerikan istehsalçısı bu qəbildən olan texnologiyanı seriya avtomobillərində tətbiq edən ilk avtomobil istehsalçsısdır. Yeni sistem GM konserninə məxsus olan və bir sıra müasir modellərdə quraşdırılan OnStar peyk xidmətinin köməyi ilə çalışır.
Şirkətdən bildirildiyinə görə, avtomobilin texniki vəziyyəti «məlumatın miyardlarla hissəciklərini toplayan mürəkkəb sistem» tərəfindən həyata keçirilir. Sürücü avtomobili çalışdırdıqda, sistem starterin, yanacaq nasosunun və akkumulyatorun işini təhlil edir. Əgər normal iş rejiminə uyğun olmayan hal aşkar edilərsə, bu zaman sürücüyə müvafiq məlumat göndəriləcəkdir.
Nasazlıqlar haqqında məlumat bazası digər avtomobillərdən əldə edilmiş məlumatlar əsasında yaradılır. Nasazlıq haqqında xəbər sürücüyə multimedia sisteminin ekranı vasitəsilə göndərilə bilər. Bundan əlavə, sürücünün OnStar sisteminin ayarlarındakı etdiyi seçimindən asılı olaraq, SMS formasında və ya elektron poçt vasitəsi ilə də ötürülə bilər.
Proactive Alerts sistemi artıq 2016-cı ilin buraxılışı olan Chevrolet Silverado, Tahoe, Suburban, Corvette və Equinox modellərinin sahibləri üçün əlçatandır. Bu xidmət, standart olaraq OnStar sisteminin beş illik abunə haqqına daxil edilmişdir. Sonradan bu xidmət Chevrolet və General Motors konserninin digər modellərində də quraşdırılacaqdır.