2018-ci ildə ABŞ bazarında debüt etmiş Chevrolet Blazer ailəsinin yeni üzvü təqdim olunub - bu, Ford Mustang Mach-e ilə rəqabət aparacaq Blazer EV elektrik krossoveridir. Chevrolet hələlik yeni elektrokarın bəzi texniki xüsusiyyətlərini açıqlayıb, rəsmi şəkil və videolarını paylaşıb, həmçinin 565 at qüvvəli ikimühərrikli güc qurğusuna malik olan ən güclü Blazer EV SS (Super Sport) modelinin buraxılacağını elan edib.
Chevrolet Blazer EV 1LT
Chevrolet Blazer EV modelinin əsasını GMC Hummer EV, Chevrolet Silverado EV və Cadillac Lyriq modellərindən tanış olan Ultium platforması təşkil edir. Üstəlik, Blazer EV bu arxitekturada inşa edilən ilk avtomobildir və o, üç ötürmə variantı ilə təklif ediləcəkdir: ön, arxa və tam ötürmə.
Blazer EV 1LT baza modeli ön ötürmə ilə təklif olunur. Belə krossover dolu batareya ilə 398 kilometr qət edir, lakin onun elektrik mühərrikinin gücü və batareyasının tutumu barədə məlumat verilməyib. Elektromobilin standart təchizatına LED optikası və 18-düymlük təkər diskləri daxildir.
Chevrolet Blazer EV RS
Orta səviyyəli Chevrolet Blazer EV 2LT modifikasiyası ön və ya tam ötürməli ola bilər. Belə krossover enerji doldurmadan 472 kilometr yol qət edir. Ondan bir pillə yuxarıda isə, Blazer EV RS modifikasiyası qərarlaşıb.
O, istənilən öürmə növü ilə satışa çıxarılacaq və 515 kilometrlik yürüş ehtiyatına malik olacaqdır. RS versiyasının ən maraqlı xüsusiyyəti animasiya funksiyası olan fənərləri birləşdirən LED zolaqdır.
Chevrolet Blazer EV SS
Yuxarıda adı çəkilən Chevrolet Blazer EV SS modelinə gəlincə, o, modifikasiya çeşidinin zirvəsində yerləşir. SS versiyası 565 at qüvvəsi hasil edən ikimühərrikli (hər oxda bir elektrik mühərriki) güc qurğusu ilə hərəkətə gəlir. Blazer EV SS elektrik krossoveri 60 mil/saat (97 km/saat) həddinə sürətlənir və onun batareyasının enerjisi (tutumu göstərilmir) 467 kilometrə kifayət edir.
SS variantını zahiri cəhətdən digərlərindən 22-düymlük təkər diskləri sayəsində fərqləndirmək olar. “Bərkgedən” versiya üçün Brembo əyləc mexanizmləri, asqı sisteminin idman tənzimləmələri və modelin digər versiyalarında mövcud olmayan ekstremal WOW (Wide Open Watts) hərəkət rejimi də bəyan edilib.
Salonda - 11 düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 17,7 düymlük ekranı var
Bütün Chevrolet Blazer EV modelləri müstəqil asqıya malikdirlər. Əlavə ödəniş müqabilində avtomatik zolaq dəyişdirmə funksiyası ilə birgə işləyən və sürücüyə əllərini sükandan götürməyə imkan verən ikinci səviyyəli Super Cruise avtopilotunu sifariş etmək olar. Sistem ABŞ və Kanadadakı 640 min kilometr uzunluğu olan yollarda işləyir.
Blazer EV elektrik krossoverləri Chevrolet şirkətinin Meksikadakı zavodunda buraxılacaqlar. Şirkət artıq ABŞ üçün ənənəvi olan sxem üzrə ilkin müraciətlərin qəbuluna başlayıb: 100 dollar məbləğində depozit qoyaraq elektrik krossoverinə növbəyə durmaq olar. Bununla belə, yeni krossoveri uzun müddət gözləmək gərək olacaqdır - çatdırılmalara gələn yaya qədər başlanmalıdır.
İlk olaraq satışa 47,6 min dollardan başlayan Blazer EV 2LT və 52 min dollar qiymət olan RS versiyası çıxacaqdır. Bundan sonra dilerlər ən yüksək səviyyəli SS versiyasını alacaq və onun üçün 66 min dollar tələb edəcəklər.
Yalnız bundan sonra xəttdəki ən ucuz Blazer EV 1LT modeli satışa çıxacaqdır - bu, 2024-cü ilin əvvəlində baş verəcəkdir. Baza versiyası 45 min dollara başa gələcəkdir. Müqayisə üçün qeyd edək ki, daxili yanma mühərrikli adi Blazer modelini 33,4 min dollara almaq olar, Ford Mustang Mach-e modelinin qiyməti isə 44 min dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.