General Motors konserni Chevrolet Blazer EV elektrik krossoverinin “mülki” versiyalarının təqdimatı ilə birlikdə hüquq-mühafizə orqanları üçün hazırladığı xüsusi nəqliyyatı - Blazer EV PPV (Police Pursuit Vehicle, polis təqib avtomobili) təqibçisini də nümayiş etdirib.

Müvafiq rəng sxemi və səsgücləndiricisi olan “çilçırağından” başqa, “təqibçi” tarana, habelə polis avadanlığı və ləvazimət quraşdırılmış xüsusi salona sahib olub. Polis təqib avtomobili “bərkgedən” Blazer EV SS (Super Sport) modifikasiyasına əsaslanır. Qeyd etmək gərəkdir ki, elektrik krossoveri SS indeksini alan ilk Chevrolet elektrik sportkarıdır.

Chevrolet Blazer EV SS modeli WOW (Wide Open Watts) rejimində 565 at qüvvəsi və 879 Nm fırlanma anı hasil edən ikimühərriki elektrik güc qurğusu ilə hərəkətə gələn tamötürməli krossoverdir. Elektrokarın təchizatına 22-düymlük təkər diskləri, ön Brembo əyləc mexanizmləri daxildir. Onun avadanlıq siyahısında Super Cruise avtopilotu və proyeksiya displeyi də var. Blazer EV SS modeli 60 mil/saat (97 km/saat) həddini dörd saniyədən az müddətə toplayır və dolu batareya ilə 467 kilometr qət edir. 

Polis avtomobili həm tam, hən də arxa çəkişli ola bilər. “Təqibçinin” polis təşkilatına çatdırılmasına 2024-cü ilin birinci rübündə başlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.