Ultium modul platformasında inşa edilən Chevrolet Blazer EV elektrik krossoveri 2022-ci ildə debüt edib və 2023-cü ilin sonunda ABŞ bazarında satışa çıxıb. Ancaq bu günə qədər ailə natamam idi, çünki əvvəlcədən "qaynar" Blazer EV SS modifikasiyasının buraxılacağı vəd edilsə də, onun satışına yalnız indi başlanılıb. Bununla belə, belə bir gecikmə top versiyanın əvvəlcə elan ediləndən daha güclü elektrik mühərriklərini alması ilə nəticələnib.
![](https://autograph.az/../images/150379_src.jpg)
Zahiri cəhətdən SS (Super Sport) modifikasiyası adi Blazer EV krossoverindən başqa bamperləri və kandarlardakı əlavə örtüklərlə fərqlənir. Bununla belə, əsas fərqlər elektrik komponentlərində gizlidir.
Tamötürməli Blazer EV SS modelinin ikimühərrikli güc qurğusunun 565 at qüvvəsi və 879 Nm hasil edəcəyi bildirilsə də, indi isə, istehsal olunan super krossoverin mühərriklərinin ümumilikdə 624 at qüvvəsi və 880 Nm hasil etdiyi məlum olub.
![](https://autograph.az/../images/150380_src.jpg)
Yəni, Chevrolet Blazer EV SS krossoverinin güc göstəriciləri, yanvar ayında təqdim edilmiş premium qohumu Cadillac Lyriq-V krossoverinin göstəriciləri ilə bərabər olub. Nəticədə, Blazer EV SS krossoveri 60 mil/saat (97 km/saat) həddini 3,4 saniyəyə yığa bilir ki, bu da Cadillac modelindəkindən cəmi 0,1 saniyə yavaşdır.
Doğrudur, belə bir "tullanış" yalnız ən ekstremal WOW (Wide Open Watts) hərəkət rejimində mümkündür. Onun pasport üzrə yürüş məsafəsi 488 kilometrdir (amerikan EPA dövrünə əsasən).
![](https://autograph.az/../images/150383_src.jpg)
Artan gücə əlavə olaraq, superkrossover “mülki” analoqlarından yenidən tənzimlənmiş asqısı və gücləndirilmiş Brembo əyləcləri ilə fərqlənir. Eyni zamanda, qiyməti 80 min dollardan başlayan Cadillac Lyriq-V krossoverinin fonunda Blazer modelinin qiyməti kifayət qədər demokratik görünür: minimum 62 min dollar.
Eyni zamanda, Chevrolet Blazer EV SS versiyasının NASCAR yarış seriyasının peyskarına çevriləcəyi də elan edilib, ilk çıxışının bu həftəsonu keçiriləcək Daytona 500 yarışında baş tutacağı da açıqlanıb.
![](https://autograph.az/../images/150381_src.jpg)
Həqiqi Blazer EVR yarış avtomobilinin hazırlanacağı da bildirilib, lakin onun real NASCAR yarışlarında iştirak etmək ehtimalı azdır, çünki bu seriyanın qaydaları elektromobillər üçün uyğun deyil.
Təəccüblü deyil ki, General Motors konserninin avtoidman bölməsinin rəhbəri Cim Kempbell yarışlarda yalnız V8 mühərriki olan Chevrolet avtomobillərinin iştirak edəcəyini xüsusilə vurğulayıb.
![](https://autograph.az/../images/150382_src.jpg)
Həmçinin benzin mühərrikli Chevrolet Blazer krossoverinin birbaşa varisi olmadan tezliklə istehsaldan çıxarılacağı barədə şayiələr dolaşmaqdadır. Bu qərar bir qədər qəribə görünür, çünki ötən il benzin mühərrikli Blazer 53 min, Blazer EV elektrokarı isə, cəmi 23 min nüsxədə satılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.