Las Veqasda keçirilən CES 2022 sərgisində Chevrolet şirkəti Silverado EV elektrik pikapı ilə yanaşı daha iki elektromobili buraxacağını bəyan edib. 2023-cü ilin yazında batareyalı Chevrolet Blazer EV krossoveri debüt edəcəkdir. Hələlik bu modelin təsvirləri dərc edilməyib. Həmin ilin payızında isə, daha yığcam Chevrolet Equinox EV krossoveri işıq üzü görəcəkdir. Bu model hələlik kompüter renderlər şəklidə nümayiş etdirilib.
Chevrolet Equinox EV RS
Silverado EV pikapı kimi, gələcək elektrik krossoverləri də, benzin mühərrilkli Blazer və Equinox modelləri ilə ümumi cəhətə malik olmayacaqdırlar. Batareyalı modellər Ultium modul platformasında inşa ediləcək, dolu batareya ilə təxminən 400-480 kilometrlik yürüş məsafəsinə malik olacaqlar. Equinox modelinin hətta parlaq dekorlu RS “idman” versiyası da olacaqdır.
Chevrolet markasının amerikan satış reytinqlərində benzin mühərrikli Equinox modeli Silverado pikapından sonra ikinci yeri tutur. Lakin keçən il mikroçip çatışmazlığı və istehsal həcminin azaldılması ucbatından onun satışları 40% azalıb.
Buna baxmayaraq, Chevrolet elektrik Equinox modelini də eyni şəkildə populyar etmək niyyətindədir. Buna görə də, artıq elektrik krossoverinin baza versiyasının qiymətinin 30 min dollardan az olacağı bəyan edilib. Bu həqiqətən yaxşı qiymətdir, çünki Bolt EV elektrik hetçbekinin qiyməti 31 dollardan başlayır. Batareyalı Blazer modelinin qiyməti açıqlanmayıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.