Bu günlərdə Chevrolet şirkəti TikTok şəbəkəsində Bolt EUV elektrik krossoverinin yeni tizerini dərc edib. Bu dəfə istehsalçı modelin ön fənərini və dinamik dönmə siqnalını nümayiş etdirib.
Bir müddət bundan öncə, amerikan istehsalçısı Bolt ailəsinin yeni üzvü olan Bolt EUV krossoverinin 2022-ci ildə deyil, daha tez işıq üzü görəcəyini bildirmişdi. General Motors konsernindən verilən məlumata görə, seriya modelinin istehsalına bir ildən sonra başlanacaqdır. Hələlik isə, istehsalçı yalnız tizeri dərc etməklə kifayətlənib.
Gələcək Bolt EUV modeli standart heçbekin əsasında yaraılmış elektrik krossoveridir. Üstəlik, bənzər avtomobil artıq Çində Buick Velite 7 adı ilə təqdim olunub. Göründüyü kimi, Bolt EUV orijinal hetçbekdən bir qədər iri olacaqdır. Böyük ehtimalla, modelin uzunluğunun artması, təkər bazasının artması ilə əlaqədardır.
Həm adi Bolt, həm də EUV indeksinə malik olan yeni krossover, sürücünün müdaxiləsi olmadan şossedə avtomobili idarə edə bilən Super Cruise avtopilotunu əldə edəcəkdir. GM konserni elektrokarların texniki hissəsi barədə məlumatları gizli saxlayır - çox güman ki, nə hetçbek, nə də ki krossover yeni Ultium batareyalarını almayacaqdırlar.