General Motors konserni il ərzində Lyft taksi xidməti ilə birlikdə pilotsuz avtomobillərin sınağına başlayacaqdır. Pilotsuz avtomobillər amerikan konserninin Chevrolet Bolt modelinin bazasında yaradılacaqdırlar. Bir müddət bundan əvvəl General Motors Lyft şirkətinə 500 milyon sərmayə yatırmışdır ki, bu sərmayənin də əsas hissəsi pilotsuz taksilər şəbəkəsi və xidmətinin yaradılmasına yönəldilməlidir. Hal-hazırda Lyft şirkəti bu qəbildən olan taksilərin sifariş edilməsi üçün lazım olan mobil əlavəni işləyib-hazırlamışdır.
Ehtimallara görə, gələcəkdə Lyft taksi xidmətinin müştərilərinin sərbəst olaraq əsil sürücüsü olan taksi avtomobilini sifariş və yaxud pilotsuz taksinin xidmətlərindən istifadə etməyi seçmək imkanları olacaqdır. Sərnişin mobil telefonun köməkliyi ilə yola nə zaman çıxacağı, harada dayanmaq lazım olduğu, həmçinin səfərin çatdığı barədə sistemə xəbər verəcəkdir. Əgər səfər zamanı problem və suallar yaranarsa, sərnişin OnStar peyk rabitəsi vasitəsilə dəstək xidməti ilə əlaqə saxlaya biləcəkdir.
Chevrolet Bolt elektrokarının bazasında yaradılmış pilotsuz taksilərin sınaqları ümumi yollarda aparılacaqdır. Sınaqların uğurla başa çatması halında GM və Lyft şirkətləri ABŞ-dakı müəyyən şəhəri seçərək pilotsuz taksi xidmətini göstərməyə başlayacaqlar. Hələlik bu xidmətin başlanacağı müddət müəyyən edilməmişdir.
Aprel ayının sonlarında Ford, Volvo, Google, Lyft və Uber şirkətləri Self-Driving Coalition for Safer Streets qrupunda birləşərək pilotsuz avtomobillər üzrə lobbiçilik fəaliyyəti ilə məşğul olacaqlarını bildirmişdilər. Tərəfdaşlar pilotsuz avtomobillərin tətbiqi fikrini siyasətçilərin, ictimai xadimlərin, qanunvericilik və yerli hakimiyyət orqanlarının nümayəndələri arasında təbliğ etmək niyyətindədirlər.
Hər halda gələcəyin pilotsuz avtomobillərin erası olacağı artıq şübhə doğurmur.