Chevrolet Camaro kupesinin altıncı nəsli rəsmi olaraq 100-cü «Indianapolisin 500 mili» yarışının təhlükəsizlik avtomobili elan edilmişdir. Chevrolet Camaro SS modelinin 50th Anniversary adını almış xüsusi modifikasiyası, bu modelin istehsalının 50 illik yubileyinin şərəfinə buraxılmışdır. «Yubiley» modifikasiyası bu ilin mart ayında işıq üzü görmüşdür ki, bu avtomobil də standart kupelərdən eksteryerin və interyerin xüsusi tərtibatı ilə seçilir. Təhlükəsizlik avtomobilini, bu il Team Penske komandasının rəhbərliyində iştirakının 50 illik yubileyini qeyd edən Rocer Penske idarə edəcəkdir.
Beləliklə, Chevrolet markasını daşıyan avtomobil 27-ci dəfə «Indi 500» yarışının təhlükəsizlik avtomobili olacaqdır. Chevrolet şirkətinin istehsal etdiyi avtomobil ilk dəfə 1948-ci ildə bu yarışın təhlükəsizlik avtomobili olmuşdur. O zaman pilotları trekdə Fleetmaster kabrioleti müşayət edirdi.
2002-ci ildən başlayaraq, Chevrolet «Indianapolisin 500 mili» yarışlarının dəyişilməz təhlükəsizlik avtomobili rolunda çıxış edir. Sonuncu dəfə Camaro modeli 2014-cü ildə bu yarışın peys-karı olmuşdu. Keçən il onu Corvette Stingray sportkarı əvəz etmişdi. Camaro modeli cəmi səkkiz dəfə bu əfsanəvi yarışın təhlükəsizlik avtomobili olmuşdir ki, qarşıdan gələn yarış bu model üçün doqquzuncu olacaqdır.
Yüzüncü «Indianapolisin 500 mili» yarışı bu ilin 29 may tarixində keçiriləcəkdir. Keçən il keçirilmiş yarışı sabiq Formula 1 pilotu Xuan-Pablo Montoya qazanmışdı. O, Penske komandasına məxsus Chevrolet-Dallara bolidində çıxış edirdi.