Chevrolet şirkəti yeni nəsil Camaro modelinin trek variantı olan ZL1 modifikasiyasının dəqiq dinamik xarakteristikalarını açıqlamışdır. Modelin sınaqları, onun 318 km/saat maksimal sürətə malik olduğunu göstərmişdir.
Chevrolet Camaro ZL1 modelinin sınaqları Almaniyadakı Papenburq oval poliqonunda aparılmışdır. Testlər zamanı Good Year Eagle F1 Supercar 3 şinləri ilə təchiz edilmiş standart sportkardan istifadə edilmişdir. Avtomobili standart modeldən fərqləndirən əlavə avadanlıq, salonda quraşdırılmış, pilotun təhlükəsizliyini təmin edən qurğular və ölçmələri aparan avadanlıq olmuşdur.
Camaro 12,3 kilometrlik trekin hər iki istiqamətdə hərəkət etmişdir. İlkin olaraq kupe 325 km/saat sürətini qeydə alsa da, sonradan bu göstərici 311 km/saat olmuşdur. Nəticə göstəricisi olaraq orta kəmiyyət seçilmişdir.
Bundan başqa, testlər 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilmiş avtomobilin 96 km/saat həddinə 3,5 saniyəyə sürətləndiyini müəyyən etmişdir. Kupe dreq məsafəsini 11,4 saniyəyə qət etmişdir ki, bu zaman düzlüyün sonunda onun sürəti 204 km/saat təşkil etmişdir. Sürətli döngələrdə yüklənmə 1,02 g göstəricisinə bərabər olmuşdur.
Chevrolet Camaro ZL1 modeli 650 at qüvvəsinə malik olan 5,5-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Yeni model sələfindən 91 kiloqram yüngüldür və Magnetic Ride Control mextron şassini, arxa differensialın elektron qapadılmasını, Brembo əyləc mexanizmləri və 20-düymlük təkər diskləri ilə təchiz edilmişdir.