İlk Corvette modeli 1953-cü ilin yanvar ayında keçirilmiş Motorama sərgisində debüt edib. Odur ki, əfsanəvi modelin 70-illik yubileyini qeyd etmək üçün qarşıda bütöv bir il var. Lakin General Motors konserni bu əlamətdar tarixi bayram etmək üçün indidən hazırlıqlara başlayıb.
Amerikan konserni 2023-cü model ilinin Corvette sportkarının xüsusi versiyasının buraxılacağını bəyan edib. 70th Anniversary Edition paketi həm standart Corvette Stingray, həm də “bərkgedən” Corvette Z06 modifikasiyası üçün əlçatan olacaqdır.
Yubiley modelləri xüsusi loqotipləri, qırmızı haşiyələri olan qara rəngli diskləri, qırmızı rəngli əyləc supportları, qırmızı rəngli tikişləri və təhlükəsizlik kəmərləri olan iki rəngli salon tərtibatı ilə seçiləcəklər.
Kuzov üçün iki xüsusi rəngdən birini seçmək təklif olunacaq: ağ White Pearl Metallic (1953-cü ildə buraxılan Corvette modelləri ağ rəngdə olublar) və qara Carbon Flash Metallic. Əlavə ödəniş qarşılığında kuzov boyu uzanan zolaqları da sifariş etmək olar.
Yubiley avtomobillərin təchizatına xüsusi baqaj çemodanları dəsti daxil olacaqdır. Nəhayət, yubiley paketinə malik olan Corvette Stingray kupesi mühərrikin qırmızı rəngli qapaığını əldə edəcəkdir.
Corvette Z06 70th Anniversary Edition modelinin ilk nüsxəsi yaxın həftəsonu Barrett-Jackson hərracında satışa çıxarılacaqdır. Əmtəə avtomobilləri isə, Corvette modeli üçün 2023-cü model ilinin başladığı vaxtda - yay aylarında satışa çıxarılacaqdırlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.