Cari ilin yanvar ayında Chevrolet şirkəti rəsmi olaraq Blazer və Equinox krossoverlərinin elektrik versiyalarını buraxacağını bəyan etmişdi. Bəyanat ilə birlikdə hər iki avtomobilin renderləri də dərc olunmuşdu. Artıq bildiyimiz kimi, dünən anons edilən elektrokarladan biri - Blazer EV elektrik krossoveri debüt edib. Odur ki, yaxın zamanlarda ikinci elektrik krossoverinin - Chevrolet Equinox EV modelinin necə deyərlər “metalda” nümayiş olunacağını gözləmək gərəkdir.

Chevrolet markasının saytına baxarkən diqqətimizi maraqlı bir bölmə cəlb edib - burada digər şeylər arasında Equinox EV modelinin profildən çəkilmiş şəklini də görmək olar. Bu təsvirin yaxın zamanda, Chevrolet Blazer EV modelinin rəsmi debütündən sonra sayta əlavə olunduğunu ehtimal edirik.

Yeni krossover Blazer EV modeli ilə qonşuluqda yerləşdirilib və ölçü baxımında ondan kiçik olduğu görünür. Lakin iki elektrokarın təkər bazasının eyni olduğu da diqqəti çəkir. Xatırladaq ki, hər iki elektrokar Ultium platfırmasına əsaslanır.

Bizim qərbdən olan həmkarlarımız Equinox EV modelinin Tesla şirkətinin Model Y krossoveri ilə rəqabət aparması üçün yaradıldığını iddia edirlər. Yəni Blazer EV krossoveri tamam başqa auditoriyanı hədəfə alıb. Ondan fərqli olaraq, Equinox EV modeli “bərkgedən” SS versiyasına sahib olmayacaqdır. Lakin standart krossover ilə müqayisədə daha aqressiv görünüşə malik olan Equinox EV RS “idman” versiyası da təklif ediləcəkdir.

GM krossoverin başlanğıc qiymətini 30 min dollar ətrafında saxlamağa çalışacaqdır. Lakin bütün bunları çox gözləmək lazım gələcəkdir. Müştərilər ilk elektrokarları 2023-cü ilin birinci rübündən əvvəl ala bilməyəcəklər. Təxminən həmin vaxt daha iri Chevrolet Blazer EV modeli satışa çıxmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.