Chevrolet şirkəti yeni Blazer EV elektrik krossoverinin ilk rəsmi şəklini dərc edib. Chevrolet Blazer EV elektrik krossoveri 18 iyulda debüt edəcək və gələn ilin yazında satışa çıxacaqdır. Dərc edilmiş şəkildə krossoverin SS indeksli “bərkgedən” versiyası təsvir olunub. Belə versiya idman dekoru ilə fərqlənir və böyük ehtimalla daha güclü elektrik mühərrikləri ilə təchiz ediləcəkdir. Qeyri-rəsmi məlumata görə, elektrokarın iki elektrik mühərrikindən ibarət olan güc qurğusu 500 at qüvvəsi təklif edəcəkdir.

Chevrolet Blazer RS

Amerikan markası Blazer adını dörd il bundan öncə bərpa edib: 2011-ci ilə qədər bu ad altında ofrouder satılıb, 2018-ci ildə isə, Blazer adı Cadillac XT5 modeli ilə eyni platformanı paylaşan krossoverə verilib. Hələlik model yalnız adi daxili yanma mühərrikləri - 2,0-litrlik “turbodördlük” və 3,6-litrlik V6 atmosfer mühərriki, - ilə təklif edilir.  Ötürmə ön oxa və ya tam ola bilər. Lakin gələn il artıq Blazer ailəsində elektrik verisyası peyda olacaqdır.

Chevrolet Blazer EV SS

Blazer EV elektrik krossoverinin dizaynı sıfırdan yaradılıb və buna görə də o, benzin versiyasından fərqlənir: krossover yeni optikaya və başqa arxa dayaqlara sahib olub, üstəlik, başqa tərtibatlı radiator barmaqlığı ilə fərqlənir. Chevrolet Blazer EV modelinin əsas rəqibi Ford Mustang Mach-E elektrik krossoveri olacaqdır. SS versiyası isə, Mustang Mach-E GT modeli ilə  mübarizə aparacaqdır. Chevrolet Blazer EV modeli General Motors tərəfindən buraxılacaq 30 “yaşıl” modeldən biri olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.