Chevrolet şirkəti Colorado pikapının ZH2 adını almış prototipini təqdim etmişdir. Bu prototip ABŞ ordusunun yerüstü texnikasını hazırlaması üçün cavabdeh olanTARDEC mühəndis mərkəzinin mühəndisləri ilə birlikdə yaradılmışdır.
Prototip Chevrolet Colorado seriya modelinin təkmmilləşdirilmiş və gücləndirilmiş platformasında hazırlanmışdır. Konseptual pikap 37-düymlük yolsuzluq üçün nəzərdə tutulmuş şinlərlə və təkmilləşdirilmiş asqı sistemi ilə təchiz edilmişdir. Bununla belə, avtomobilin güc qurğusu barədə heç bir məlumat verilməmişdir. İstehsalçı yalnız pikapın yanacaq elementlərindən qidalanan (yəni hidrogen və oksigenin kimyəvi reaksiyası zamanı əldə edilən enerji ilə işləyən) elektrik mühərrikləri ilə təchiz edildiyi barədə açıqlama vermişdir. Bu növ güc qurğularının tullantısını su təşkil edir ki, sonradan hərbiçilər ondan da istifadə etmək niyyətindədirlər.
Bundan əlavə, Chevrolet Colorado ZH2 kənar elektrik cihazlarının qidalanması üçün istifadə edilən EPTO sistemi ilə də təchiz edilmişdir. Birləşmiş Ştatların ordusunun nümayəndələri hidrogen avtomobilinin seçimini onunsəssizliyi, böyük yürüş ehtiyatı və elektrik mühərrikinin dərhal əlçatan fırlanma anının olması ilə izah etmişdirlər. Chevrolet şirkəti Colorado ZH2 modelinin sınaqlarını bu ilin sonunda tamamlayacağını bildirmişdir. Bundan sonra avtomobil sınaqlar üçün hərbiçilərə veriləcəkdir və bir il müddətində sınanacaqdır. İlk dəfə hərbiçilər üçün pikapın hazırlanması barədə məlumat istehsalçı tərəfindən bu ilin yayında verilmişdi. Bu lahiyənin köməyi ilə amerikan istehsalçısı özünün model xəttində hidrogen modellərinin peyda olmasını tezləndirmək istəyir.