GM prezidenti Chevrolet markasının tarixində ilk elektrik pikapının buraxılacağını elan edib - bu, yeni platformada inşa edilən Silverado modeli olacaqdır.
Söhbət sadəcə amerikan markasının bu gün təklif etdiyi Chevrolet Silverado pikapının daxili yanma mühərrikinin elektrik güc qurğusu ilə əvəzlənməsindən getmir. Silverado elektrik pikapı, GMC Hummer EV pikapı kimi, yeni Ultium modul platformasında inşa ediləcək və platformasını bölüşdüyü Hummer ilə eyni yerdə - Detroytdakı modernləşdirilmiş Factory Zero zavodunda buraxılacaqdır.
GM konserni dərc etdiyi ilk tizerində yeni pikapın siluetini belə nümayiş etdirməyib - istehsalçı, ənənəvi olaraq elektrik enerjisinin simvolu olan E hərfinə xüsusi vurğu edilən Silverado yazısını göstərib.
Yeni elektrik pikapının açıqlanan yeganə xüsusiyyəti, onun dolu batareya ilə qət etdiyi məsafədir - 400 mil və ya 644 kilometr. Ənənəvi olaraq, gələcək Chevrolet Silverado EV pikapının əsas rəqibi hesab edilən Ford F-150 EV modelinin dolu batareya ilə 100 mil və ya 160 kilometr daha az məsafə qət edəcəyi gözlənilir.