Altıncı nəsil idman avtomobilinin istehsalı 2024-cü ilin yanvarında başa çatacaq və onun son nəğməsi bütün təchizat səviyyələrində mövcud olan Collection’s Edition nəşri olacaqdır. Xatirə elementləri ilə yanaşı, avtomobilin orijinal kod adı olan Panther adına istinadlar da olacaqdır. Ən son model ilinin Camaro modellərinə sifarişlərin qəbuluna iyunun 15-də başlanılır, kolleksiya nəşri isə yayın sonundan etibarən əlçatan olacaqdır.

Chevrolet Camaro Collector's Edition nəşri Satin Black qara zolaqları olan Panther Black Metallic rəngində kuzovu, əlavə ön splitter və arxa spoyleri ilə seçiləcəkdir. Digər diqqət çəkən məqamlara tutqun qara rəngli və ya cilalanmış 20-düymlük təkər diskləri və ön qanaddakı R hərfinə inteqrasiya edilmiş bəbir nişanı daxildir.

Bəbir nişanı sükan çarxında, xüsusi xalçalarda və qara aksentlərlə bəzədilmiş salonda peyda olacaqdır. Bonus olaraq, alıcılar, modelin tarixinə həsr olunmuş plakatları da alacaqlar. Kolleksiya kupesinin başlanğıc qiyməti 39 440 dollar təşkil edəcəkdir.

Ən güclü ZL1 modifikasiyası tutqun Panther Black Matte rəng sxemində olan unikal eksteryer alacaq və "zavoddan" çıxan ilk tutqun Camaro modeli olacaqdır. Belə Collector’s Edition nəşrinin arsenalında hardkor ZL1 1LE modelindən götürülmüş ön splitter və arxa antiqanad, qırmızı əyləc supportları və qara təkər boltları olacaqdır. 

Sükan çarxında seriya nömrəsi olan nişan yerləşdiriləcəkdir: ZL1 kolleksiya nəşrinin tirajı 350 nüsxə ilə məhdudlaşır, onların hər birinə Camaro mövzusunda tərtib edilmiş Shinola saatı əlavə olunacaqdır.

Son model ilinin adi Camaro modeli dəyişikliklərə məruz qalıb. Onun mühərrik çeşidindən 275 at qüvvəli 2,0-litrlik turbomühərrik çıxarılıb və yalnız V6 və V8 aqreqatları qalıblar. Beləliklə, adi Chevrolet Camaro modelinin başlanğıc qiymət 32 495 dollara qədər yüksələcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir