Chevrolet şirkəti bu gün Las-Veqasda başlayan SEMA tüninq sərgisində Colorado Z71 adlı konseptual pikapı nümayiş etdirmək fikrindədir. Pikapın hazırlanmasında istehsalçı ilə birlikdə Nike şirkətinə məxsus olan və serfinq üçün paltar və aksessuarlar istehsal edən Hurley markası iştirak etmişdir.

Avtomobil Pyzel şirkətinin istehsalı olan serfinq lövhələri və onlar üçün damda nəzərdə tutulmuş bərkitmə nöqtələri ilə, həmçinin yük bölümündə yerləşdirilmiş və serfinqdən sonra paltarın qurudulması üçün istifadə edilən Thule firmasının xüsusi qutusu ilə təchiz edilmişdir.  Bundan başqa pikap, Chevrolet Accessories kataloqundan olan və Good Year DuraTrac yolsuzluq şinləri ilə təchiz edilmiş 17-düymlük disklərini, yük bölümünün parçadan olan tavanını və əlavə işıq texnikasını əldə etmişdir.

Pikapın salonunda Hurley şirkətinin loqotipləri çəkilmiş, avtomobilin oturacaqları isə, hidrokostyumların istehsalında istifadə edilən suyadavamlı materialla örtülmüşdür. Chevrolet Colorado Z71 prototipi silindirlərin bir hissəsinin söndürülməsi funksiyası ilə təchiz edilən 3,6-litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Mühərrik 312 at qüvvəsinə və 372 Nm fırlanma anına malikdir. Güc aqreqatı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. Chevrolet bu sərgidə iyirmiyə yaxın avtomobil nümayiş etdirəcəkdir.