Opel Mokka modelinin əkiz qardaşı sayılan Chevrolet Trax krossoveri də dəyişikliklərə məruz qalmışdır. Amerikan şirkəti krossoverin xarici görünüşünü yeni Cruze modelinin dizayn üslubuna uyğun dəyişdirmişdir. Krossoverin radiator barmaqlığı, ön fənərləri və qabaq bamperi tamamilə yenilənmişdir. Chevrolet marketoloqlarının bildirdiyinə görə, edilmiş dəyişikliklər avtomobilin zahiri görkəminə qıvraqlıq və idman xüsusiyyəti bəxş etmişdir. Bu göstərilənlərdən əlavə, krossover yeni 18-düymlük təkər diskləri və bir neçə yeni aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz ediləcəkdir.
Bu sistemlərin sırasına Side Blind Zone Alert (kor zonalara nəzarət sistemi), Rear Cross Traffic Alert (arxadan toqquşma təhlükəsinin xəbərdarlıq sistemi), Forward Collision Alert (öndən çarpa təhlükəsinin xəbərdarlıq sistemi) və Lane Departure Warning (zolaqlara nəzarət sistemi) daxildir.
Avtomobilin interyerində də bir sıra dəyişikliklər edilmişdir. Salona nəzər salsaq yeni cihazlar panelini və yenilənmiş mərkəzi kosolu müşahidə edə bilərik. Avtomobilin təchizatına Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, 7-düymlük sensorlu MyLink ekranı olan IntelliLink məlumat-əyləncə sisteminin yeni nəsli və Opel OnStar xidməti daxildir. Yenilənmiş Trax üç komplektasiyada - LS, LT və Premier adlı təchizat səviyyələrində təklif ediləcəkdir.
Chevrolet Trax alternativsiz olaraq 138 at qüvvəsi və 200 Nm fırlanma anı olan 1,4-litrlik dörd silindirli benzin mühərriki və altı pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir.
Avtomobilin rəsmi satışlarına bu ilin payızında start veriləcəkdir.