General Motors konserninin ən gözlənilən elektromobillərindən biri Chevrolet Bolt modelinin bazasında yaradılan krossover olmalıdır. Elektrokarın debütü il yarım bundan əvvəl gözlənilsə də, bu günə qədər onu yalnız keyfiyyətsiz şəkillərdə görmək mümkün olub.

Bu gün isə, gözlənilmədən yeni model Chevrolet markası altında deyil, Çin bazarında satılacaq Buick Velite 7 krossoveri kimi təqdim ediblər. İstehsalçı elektrokarın yalnız bir şəklini dərc edib. Ənənəvi olaraq, GM konserninin Çində təklif etdiyi avtomobillər arasında ən uğurlu olanları Buick markası ilə satılan avtomobillərdir. Buna görə də, yeni modelin bu marka altında təqdim edilməsi heç də təəccüblü deyil.

Elektrokar barədə ətraflı məlumat verilməyib. Yeganə məlum olan, onun dolu batareya ilə 500 kilometr (NEDC) yürüş ehtiyatına malik olmasıdır. Buradan yeni krossoverin Chevrolet Bolt elektrokarının təchiz edildiyi 60 kilovat-saatlıq batareyanı aldığını ehtimal etmək olar. Şirkət yeni krossoverin Çindəki satışlarını bu il başlamağa söz verib.