Bizim bazarda Aveo kimi tanınan, lakin vətənində Sonic adlandırılan sedan və hetçbek Chevrolet şirkətinin model xəttindəki qocaman avtomobillərdən biri sayılır. Yığcam sedan və hetçbekdən ibarət olan ailə Amerika bazarında təxminən 9 il bundan öncə debüt edib.
Uzun müddətdir ki, konveyer həyatı yaşasa da, Sonic modelinin tarixi bu il sona çatır: Chevrolet şirkəti, Miçiqandakı Orion zavodunda buraxılan modelin istehsalının oktyabr ayında dayandırılacağını və onun varisi olmayacağını bildirib.
Buick Velite 7
Əsas məsələ köhnəlmiş ailənin ildən-ilə populyarlığını itirməsində deyil: ən uğurlu 2014-cü ildə Chevrolet şirkəti 93 min Sonic modeli satırdısa, 2019-cu ildə bu rəqəm 14 minin altında olub. Əsas odur ki, Sonic daha perspektivli elektrik krossoveri üçün konveyerdə tutduğu yeri boşaldacaqdır.
Hazırda kompakt sedan və hetçbeklər Chevrolet Bolt elektrokarı ilə paralel olaraq istehsal edilirlər. Lakin, onların istehsalı dayandırıldıqdan sonra, şirkət Bolt EUV adı ilə tanınan elektrik krossoverinin istehsalına hazırlıqlara başlayacaqdır. Yeni elektrik krossoveri bir müddət bundan öncə Çində təqdim edilmiş Buick Velite 7 modelinin bənzəridir.
Yeri gəlmişkən, standart Chevrolet Bolt bu ilin sonunadək yenilənəcək və onun bazasında inşa edilmiş krossoverin istehsalına Miçiqandakı zavodun qonşuluqdakı konveyer xəttində başlanacaqdır.
Elektrik krossoverinin Amerikadakı debütü gələn ilin yayında keçiriləcəkdir. Sonic modelinin qohumu olan Chevrolet Aveo modeli artıq istefa verib: modelin Cənubi Koreyadakı istehsalı artıq dayandırılıb.