Chevrolet şirkəti Tahoe ofroderinin RST (Rally Sport Truck) adını almış xüsusi modifikasiyasını təqdim etmişdir. Amerikan istehsalçısı xüsusi modifikasiyanı hazırlayan mütəxəssislərin tüninqdən ilham aldıqlarını bildirmişdir.
Xüsusi modifikasiya 426 at qüvvəli 6,2-litrlik benzin V8 mühərriki və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Ofroderin baza modifikasiyası 360 at qüvvəli 5,3-litrlik mühərrik və altı pilləli avtomatik ötürmələr qutusu ilə təklif edilir. Bundan başqa, ofroder Borla buraxılış sisteminə, Brembo əyləc mexanizmlərinə və Magnetic Ride Control aktiv asma sisteminə sahib olmuşdur. Zahiri cəhətdən Tahoe RST modifikasiyası qara emblemlərlə, qara rəngli güzgü korpusları və relinqlər və 22-düymlük təkər diskləri ilə seçilir.
Bənzər modifikasiyanı Chevrolet Suburban ofroderi də əldə etmişdir. Bununla belə, ofroder əvvəllki kimi 5,3-litrlik mühərriklə təklif ediləcəkdir.