Traverse modeli Chevrolet brendinin ən böyük krossoveridir, lakin bildiyimiz kimi, hər zaman dəvədən böyük fil də olur. Amerikan brendinin “filləri” isə, məlum olduğu kimi, çərçivıli Tahoe və Suburban ofrouderləridir. Beləliklə, Chevrolet Traverse krossoveri artıq üçüncü nəslə keçib və bu keçid görünüşün köklü şəkildə dəyişməsi ilə müşayət olunub.

Chevrolet Traverse RS

Traverse artıq şişirdilmiş minik avtomobili kimi görünməyə çalışmır, daha çox böyük qardaşı Tahoe ofrouderini təqlid edir: formalar daha brutallaşıb, kuzov “kvadratlaşıb”, təkər tağları və kuzovun alt hissəsi qara plastik dəstlə haşiyələnib. Ön tərəfdə isə, son zamanlara dəbə minmiş ikimərtəbəli LED optika diqqəti çəkir. Traverse ailəsinə LS, LT, RS və Z71 versiyaları daxildir. RS versiyasının seçilən xüsusiyyətləri 22-düymlük təkər diskləri, bol qara dekor və idman tənzimləmələri olan asqısıdır.

Chevrolet Traverse RS

Chevrolet Traverse özünəməxsus konsepsiyanı saxlayıb: onun üç tam ölçülü oturacaq cərgəsi var (sonuncu üç sərnişin üçün nəzərdə tutulub), onların arxasında isə, baqaj üçün kifayət qədər yer var. Təəssüf ki, Chevrolet hələlik yeni krossoverin xüsusiyyətlərini dərc etməyib, lakin çətin ki, yeni Traverse uzunluğu 5,2 metr olan sələfindən nəzərəçarpacaq dərəcədə seçilsin. Amerikan istehsalçısı yalnız arxa cərgələrin qatlanmış halında əldə olunan maksimal həcmi dərc edib: əvvəlki modeldəki 2781-ə qarşı 2763 litr.

Chevrolet Traverse RS

Sadə versiyalarda ikinci cərgədə üçyerli bütöv divan var və salonda ümumilikdə səkkiz sərnişin yerləşə bilər. Daha bahalı versiyalarda ayrıca kapitan kresloları və yeddi oturacaq var. Seçimlər arasında panoram dam, üçzonalı klimat-kontrol, dairəvi müşahidə kameraları, Bose səs sistemi, qızdırılan birinci və ikinci oturacaq cərgəsi (həmçinin sükan çarxı) var.

Chevrolet Traverse Z71

Transmissiyanın selektoru artıq sükan sütununda yerləşir və beləliklə, mərkəzi tuneldə stəkanaltılar üçün yer peyda olub. Sürücünün qarşısında cihazlar panelinin 11 düymlük ekranı və media sistemin nəhəng 17,7-düymlük displeyi var. Tərtibatçılar təhlükəsizlik sistemlərinə xüsusi diqqət yetiriblər: Traverse, ön sürücü və sərnişin təhlükəsizlik kəmərlərini bağlayana qədər yerindən tərpənməyəcək. Artıq “bazada” avtomatik əyləcləmə, zolaqda saxlama və uzaq işıqların dəyişdirilməsi sistemləri mövcuddur və əlavə ödəniş müqabilində adaptiv kruiz-kontrol və Super Cruise avtopilotu təklif olunur.

Chevrolet Traverse

Traverse köndərələn mühərriki və əsas ön ötürməsi olan minik platformasını saxlayıb. Lakin kapotun altındakı yeri 3,6-litrlik V6 mühərrikinin yerini 319 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən yeni 2,5-litrlik “turbodördlük” tutub. Doqquz pilləli "avtomat" da öz yerini səkkiz pilləli varianta verib, arxa oxu birləşdirən muftaya malik olan tam ötürmə sistemi isə, əlavə ödəniş qarşılığında quraşdırılır. Tamötürməli Traverse, əvvəlki kimi, çəkisi 2268 kiloqrama (5000 funt) qədər olan qoşqunu yedəyə almaq imkanına malikdir.

Chevrolet Traverse Z71

Əvvəllər mövcud olmayan Traverse Z71 ofroud versiyası Chevrolet brendinin model çeşidində xüsusi yer tutur. Onun xüsusiyyətləri - arxa oxda iki yan muftası olan tam ötürmə sistemi, genişləndirilmiş təkər izi, başqa amortizatorları olan yenidən işlənmiş asqı və 25 millimetr artırılmış klirens, ofroud şinləri taxılmış 18 düymlük təkər diskləri, qısaldılmış bamperlər, əlavə yedək gözləri, həmçinin hərəkət elektronikasının ofroud rejimidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Traverse Miçiqandakı GM zavodunda buraxılmağa davam edəcəkdir. Lakin satışların başlanması 2024-cü ilin birinci rübünə planlaşdırılıb. Avtomobil haqqında bütün təfərrüatlar satışların başlanmasına qədər açıqlanmalıdır. Hazırda ABŞ-da ikinci nəsil Chevrolet Traverse modelinin qiyməti 34,500 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.