Yenilənmiş Chevrolet Traverse krossoverinin bu ilin yazında təqdim edilməsinə baxmayaraq, bu model hələlik konveyerə çıxmayıb: GM pandemiya səbəbi ilə bir neçə modelin istehsalının başlanmasını təxirə salmaq qərarını qəbul edib. Yenilənmədən əvvəlki modelin buraxılışının davam etdiyini nəzərə alan istehsalçı, onun yeni xüsusi versiyalarını hazırlayıb.
Chevrolet Traverse Midnight Edition
Chevrolet Traverse krossoveri Midnight Edition və Sport Edition versiyalarında təklif edilir. Müştərilər arasında böyük maraq doğuran Redline Edition (alıcılarının demək olar ki, 60 faizi onu seçir) 2021-ci ildə də model xəttində qalacaqdır. Midnight Edition tərtibat dəsti isə LS və LT təchizat səviyyələrində olan krossoverlər üçün təklif olunur - belə avtomobillər yalnız qara rəngli kuzova deyil, həm də eyni rəngə boyanan yüngül lehimli təkər disklərinə, radiator barmaqlığına, dam reylinqlərinə və emblemlərə malikdirlər.
Chevrolet Traverse Redline Edition
Sport Edition (birinci şəkildəki) tərtibat dəsti də Traverse krossoverinin eyni təchizat səviyyələri üçün təklif ediləcəkdir. Üstəlik, bu tərtibat dəsti də Midnight Edition ilə eyni reseptə uyğun olaraq hazırlanıb (əlavə olaraq, duman işıqları tünd dekora sahib olublar), ancaq kuzov qara rəng əvəzinə bir neçə başqa rəngə boyanır. Əvvəllər bənzər xüsusi versiyalar ABŞ-da satılan Chevrolet modellərinin demək olar ki, yarısı üçün təklif olunurdu: alıcıların belə versiyaları daha çox seçdikləri üçün, şirkət daha çox sayda modeli bənzər versiyalarla təklif etmək qərarına gəlib.
Eyni zamanda, istehsalçı yenilənmiş Chevrolet Equinox krossoverini yenidən "idman" RS-versiyasında buraxacağını elan edib. Lakin, bu tərtibat dəsti 2022 model ilinin krossoveri üçün təklif ediləcəkdir - yəni belə avtomobillər gələn ilin payızında satışa çıxarılacaqdırlar.