Chevrolet şirkəti yeni nəsil Camaro modelinin trek üçün nəzərdə tutulmiş variantı olan ZL1 modelini təqdim etmişdir. 640 at qüvvəli kupenin rəsmi nümayişi bu ayın sonlarında qapılarını açacaq Nyu-York avtomobil sərgisində baş tutacaqdır. Camaro ZL1 modeli Corvette Z06 və Cadillac CTS-V modellərindən tanış olan 6,2-litrlik kompressorlu səkkiz silindirli mühərriklə təchiz ediləcəkdir. Corvette modelində 650 at qüvvəsi gücü olan mühərrikin Camaro ZL1 üçün nəzərdə tutulmuş variantı 640 at qüvvəsi və 868 Nm fırlanma anına malikdir.
Beləliklə, yeni Camaro ZL1 sələfinə nisbətən 60 at qüvvəsi və 114 Nm daha güclüdür. Camaro ZL1 modeli altı pilləli mexaniki və ya yeni 10 diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz edilə bilər. Xatırladaq ki, yeni avtomatik sürətlər qutusu General Motors və Ford şirkətlərinin birgə məhsuludur.
2018-ci ilin sonuna qədər bu qutu GM şirkətinin minimum səkkiz modelində tətbiq ediləcəkdir. Chevrolet şirkəti Camaro ZL1 modelinin dimanik göstəricilərini açıqlamamışdır. Camaro ZL1 modelinin 590 at qüvvəli sələfi 100 km/saat sürətini 3,9 saniyəyə toplayır, onun maksimal sürəti isə 296 km/saat təşkil edirdi.
Çəkisi sələfinə nisbətən 91 kiloqram azalmış Camaro ZL1 modeli yeni aqressiv aerodinamik elementlər dəsti ilə təchiz edilir. Bu dəstin tərkibinə yenilənmiş radiator barmaqlığı, iri ön splitter, istilik ekranı olan yeni kapot, genişləndirilmiş qabaq qanadlar, modifikasiya edilmiş yan kandarlar və baqaj bölümünün qapağının üzərində quraşdırılmış aerodinamik qanaq daxildir.
Bundan əlavə, avtomobil xüsusi olaraq onun üçün hazırlanmış Good Year Eagle F1 Supercar şinləri geyindirilmiş 20 düymlük disklərlə təchiz edilir. Avtomobilin interyerində Recaro oturacaqlarını və idman sükan çarxını müşahidə etmək olar. Camaro ZL1 modelinin təchizatına təkmilləşdirilmiş Magnetic Ride Control mexatron şassisi və stabilizasiya sistemi, arxa differensialın elektron qapanması, Launch Control start sistemi və Brembo əyləc mexanizmləri daxildir.
Chevrolet Camaro ZL1 modeinin satışlarına bu ilin sonunda start veriləcəkdir. Avtomobilin qiyməti isə, satışların başlanmasına yaxın elan ediləcəkdir.