General Motors dizaynerləri naməlum pikapın eskizlərini dərc ediblər. Pikapın görünüşü Silverado EV ilə bənzərdir, lakin avtomobillər ölçülərinə görə fərqlənirlər. Bununla belə, yeni modeldən söhbət gedə bilməz. Bu, sadəcə olaraq, GM texniki mərkəzinin stilistlərinin işinin nümayişidir.

Tizerlərin müəllifi - Miçiqan ştatının Uorren şəhərindəki GM Texniki Mərkəzində kreativ dizayneri Darbi Barberdir. Təəssüf ki, onun eskizləri Chevrolet brendi altında yeni yığcam pikapın buraxılacağına dəlalət etmir (baxmayaraq ki, çoxları bunu belə qəbul edir), ancaq onlar avtomobilə dinamik görünüş vermək üçün kontrastdan necə istifadə etməyi göstərir. Belə ki, burada həcmin bir hissəsi qara kandarlar və bamperlər vasitəsi ilə gizlədilir. Belə fənd artıq adi bir hala çevrilib və məsələn, Lamborghini tərəfindən belə fəal şəkildə istifadə olunur.

Image alt Image alt

Barberin eskizləri Chevrolet dizaynerlərinin yeni dizayn üslubunun axtarışına çıxdıqları barədə məlumat verə bilər. Çox güman ki, Chevrolet brendinin gələcək elektrokarları nazik optikasə, əzələli çıxıntıları və kəskin şəkildə çəkilmiş çiyin xətti olan oxşar dizayn üslubuna malik olacaqlar. Ümumiyyətlə, eskizlərdəki pikap Silverado EV modelinə bənzəsə də, daha fərqli, daha futuristik görünüşə malikdir. 2022-ci ilin əvvəlində təqdim edilən elektrik pikapı Ultium platformasına əsaslanır və texnologiya baxımından GMC Hummer EV ilə unifikasiya edilib.

Chevrolet Silverado EV modeli 517 at qüvvəsi və 834 Nm fırlanma anı hasil edən iki elektrik mühərriki ilə təmin edilən tam ötürmə sisteminə malikdir. RST versiyasının güc qurğusu isə 673 at qüvvəsi və 1057 Nm hasil edir. Opsional Wide Open Watts Mode paketi ilə bu pikap 60 mil/saat (97 km/saat) həddini 4,5 saniyədən az vaxta yığa bilir. Hər iki versiyanın yürüş ehtiyatı eynidir - 644 kilometr.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.