Chrysler 300 sedanı təqaüdə göndərildikdən sonra, amerikan istehsalçısının model çeşidində yalnız müxtəlif versiyalarda təklif edilən Pacifica miniveni qalıb. Brendin elektrikləşdirilməsinin carçısı isə, iki il əvvəl debüt etmiş Chrysler Airflow konsepti olmuşdu. Amerikalılar belə bir avtomobili istehsala hazırlanmağa başlasalar da, bu yaxınlarda layihədən imtina etdiklərini bildiriblər. İndi isə, amerikalılar daha futuristik Chrysler Halcyon konseptini göstərərək, “yeni başlangıcı” elan ediblər.

Halcyon konsepti alçaq və axıntılı elektrik sedanı form-faktoruna malikdir. Birincisi, konsept sedan deyil liftbəkdir, ikincisi isə, çox möhtəşəm və reallıqdan uzaqdır. Alçaq və qısa burun aerodinamikanı və yürüş məsafəsini yaxşılaşdıran nəhəng hava kanalını gizlədir. Nəhəng ön şüşə ön oxdan başlayır və demək olar ki, ön sərnişinlərin başı üzərində bitir.

Yan güzgülər arxa görüntü kameraları ilə əvəz olunub, arxa qapılar isə, hərəkətin əksi istiqamətinə açılır. Bundan əlavə, salona girişi asanlaşdırmaq üçün yuraxı qalxan dam panelləri nəzərdə tutulub. Lakonik arxa tərəf aktiv spoyler və diffuzorla təchiz olunub. Disklərə 255/35 R22 ölçülü Pirelli şinləri taxılıb.

Salonda təkrar emal edilmiş plastik üstünlük təşkil edir: interyer detallarının 95 faizi ondan hazırlanıb. Məsələn, sükan əvvəlki həyatında kompakt-disklər, oturacaq və qapı üzlükləri isə plastik şüşələr olublar.

Lakin konseptual interyer təkcə ekoloji cəhətdən təmizliyi ilə seçilmir: Chrysler minivenlərindən tanış olan Stow'n Go oturacaqların qatlama sisteminin yeni iterasiyası vəd edilir. 

Halcyon konseptinin arxa oturacaqları baqajın içinə qatlanaraq, ön oturacaqlar üçün yer boşaldır. Bu, ön sərnişinlərə yarı üzanmış vəziyyətdə əyləşərək, ön şüşəyə proyeksiya olunan artırılmış reallıqdan həzz almağa imkan verir.

Chrysler Halcyon bu yaxınlarda təqdim edilmiş STLA Large platformasına əsaslanır. Bir sözlə o, yeni Dodge Charger modelinin texniki qohumudur. Bununla belə, konsept-kar üçün bir sıra yeni funksiyalar hazırlanıb. 

800 voltluq Lyten dartma batareyası adi litium-ion batareyalardan 60% daha az karbon izinə malik olan litium-kükürd texnologiyasından istifadə etməklə yaradılıb. Batareyanı simsiz doldurmaq da olar: konseptin altında induksiya paneli quraşdırılıb.

Dördüncü səviyyəli avtopilot vəd edilir ki, bu da avtomobilin idarələnməsi prosesində iştirak etməyə demək olar ki, ehtiyac olmadığını göstərir. Nəhayət, süni intellekt də bəyan edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Chrysler Halcyon konsept-karı seriya elektrik sedanın carçısı hesab olunur, lakin seriya sedanının 2026-cı ilə qədər debüt edəcəyi gözlənilmir. Odur ki, Chrysler brendi hələlik sadəcə minivenlə keçinməli olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.