Chrysler markasının pərəstişkarlarına Voyager və Grand Voyager minivenləri yaxşı tanışdır. Döğrudur, bu modellərdən birincisi 2007-ci, ikincisi isə 2016-cı ildə tarixin arxivnə göndərilib. O zamandan bu genə qədər amerikan istehsalçısı öz minivenlərini Pasifica adı ilə satır. Bu günlərdə Chrysler marketoloqları Voyager adını yenidən bərpa etmək fikrinə düşüblər.
Sanmayın ki, bu adlar tamamilə yeni modelə qismət olacaqdır. Əsla! 2020-ci ildə bazara çıxacaq Chrysler Voyager miniveni, əslində ABŞ-da satılan Chrysler Pasifica modelinin sadə versiyası olacaqdır. Voyager miniveninin L və LX adlanan versiyaları özəl şəxslərə, oturacaqları dermantinlə örtülmüş LXi modifikasiyası isə korporativ müştərilərə təklif ediləcəkdir.
Pasifica modelinin eyni adlı versiyaları daha bahalı modifikasiyalardan başqa ön bamper, minimum xrom dekoru və sadə dizaynlı təkər diskləri ilə seçilirdilər. Voyager modeli də bənzər tərtibata, laikn başqa emblemə malik olacaqdır. «Yeni» Chrysler Voyager modelinin təchizatına yeddiyerli salon, klimat-kontrol, yeddidüymlük ekranı olan Uconnect multimedia sistemi və aktiv səsboğuculu səs sistemi daxil edilib. Əlavə ödənişlə arxa sərnişinlər üçün tavanda quraşdırılan DVD-oxuyucunu da sifariş etmək olar.
Chrysler Voyager 291 at qüvvəsi hasil edən 3,6-litrlik V6 mühərriki və 9-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Hibrid güc aqreqatı isə Chrysler Pasifica modelinin imtiyazıdır.
Chrysler Pasifica modeli yalnız zəngin Touring və Limited versiyalarında təklif ediləcəkdir. Bu ildən modelin opsiyalar siyahısına Red S Appearance dəsti daxil edilib. Bu dəst qırmızı dəri ilə üzlənmiş salonun və kuzov üzərində həkk edilmiş qırmızı haşiyələrin mövcudluğunu nəzərdə tutur.