Chrysler şirkəti Avstraliya bazarında əhəmiyyətli avtomoibillərdən biri sayılan Valiant modelinin 50 illik yubileyinin şərəfinə 300 sedanının xüsusi versiyasını buraxıb.
Chrysler 300 SRT Pacer adlandırılmış sedan 469 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edən 6,4-litrlik V8 mühərriki ilə təchiz edilib. Güc aqreqatı səkkizpilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır.
Sedan orijinal Valiant modelinin rəngini təkrarlayan Wild Yellow rənginə boyanlıb. Qara və qırmızı haşiyələrə malik olan açıq sarı rəng avtomobilin çöhrəsinə sakit cizgiləri bəxş edir. Xatırladaq ki, orijinal Valiant Pacer modelin 1969-cu ildən xüsusi olaraq Avstraliya bazarı üçün üç rəngdə - açıq-sarı Wild Yellow, həmçinin qırmızı və göy rənglərdə istehsal edilib. Sedan 174 at qüvvəli mühərrik və üçpilləli avtomatik ötürmələr qutusu ilə təklif olunurdu.
Chrysler 300 SRT Pacer modeli hələlik yeganə nüsxədə inşa edilib, lakin amerikan şirkəti avtomobilin seriya istehsalını təşkil edəcəyi vədini verib. Bununla belə, modelin istehsalına nə zaman başlanacağı açıqlanmayıb.