Chrysler markası Las Veqasda keçiriləcək İstehlak Elektronikasının Şərgisində (CES) Airflow Vision konseptini nümayiş etdirəcəyini bəyan edib. Dördyerli hetçbek premium dizayna, birinci sinif rahatlığını və aktiv həyat tərzi sevən müştərilər üçün yeni istifadəçi interfeysi konsepsiyasını təqdim edəcəkdir. Xatırladaq ki, Airflow modeli Chrysler tərəfindən 1934-1937-ci illərdə buraxılıb. Müharibədən əvvəl buraxılmış sedan və kupe, axıcı kuzova malik olan ilk tamölçülü amerikan avtomobilləri hesab olunurlar.
Chrysler Airflow konseptinin geniş və «əzələli» kuzovu elektrik mühərrikinin rotoruna bənzəyən dizayna malik olan təkər diskləri ilə vizual şəkildə birləşir. Qapı və tağların «mis» haşiyələri konseptin elektrikləşdirilmiş texniki hissəsindən xəbər verir. LED fənərlər bıçaq kimi ön hissəni iki yarıya «bölürlər». Arxa fənərlər də son tendensiyalara uyğun olaraq kuzovun eni boyu uzanırlar. Eksteryerin əsas rəng kimi Arctic White, ikinci rəng kimi isə Celestial Blue çaları seçilib.
Eyni rəng sxemindən interyer üçün də istifadə olunur. Salonda nazik çərçivəli dörd fərdi kreslo quraşdırılıb, interyerin tərtibatında isə premium dəridən və zamşadan istifadə olunub. Ətraf işıqlandırması «barama» prinsipi əsasında işləyir - yəni, hər bir sərnişinin seçiminə uyğun olaraq fərdi şəkildə tənzimlənir. Daxili ölçülərinə görə Airflow Vision konsepti Chrysler Pacifica hibrid miniveni ilə müqayisə edilə bilər. Eyni zamanda, konsept rəvan döşəməni də minivendən alıb.
Ön paneldəki displeylər yeni istifadəçi interfeysi konsepsiyasını nümayiş etdirir. Bu konsepsiya sahibinin tələbat və istəklərindən asılı olaraq qruplaşdırılmış, sadələşdirilmiş və fərdiləşdirilmiş menyu maddələrinin iyerarxik düzülüşünə əsaslanır. Məlumatların müxtəlif ekranlarda çıxması qaydası və görünüşü tənzimlənir, özü də bu məlumatları svap üsulu ilə digər sərnişinlərə ötürmək olar.
Chrysler Airflow Vizion konsept statusu daşısa da, bəzi həll üsulları, o cümlədən dizayn üslubu gələcək Chrysler modellərində istifadə edilə bilər.