Chrysler Pacifica miniveninin cari nəsli 2016-cı ilin ortalarından buraxılır. Miniven sonuncu dəfə 2020-ci ildə yenilənib və bu yaxınlarda bir neçə kiçik təkmilləşdirmələr ilə 2024-cü model ilinə addım atıb. Chrysler şirkətinin baş direktoru Kristin Fevelə istinad edən “Automotive News Canada” nəşri, miniveni genişmiqyaslı restaylinq gözlədiyini bildirib.Fevelin sözlərinə görə, bu "adi yeniləmədən daha böyük və əhəmiyyətli bir şey olacaq”.

Chrysler şirkətinin rəhbəri yenilənmiş Pacifica miniveninin bazara nə vaxt çıxacağını dəqiqləşdirməyib və bu hadisənin yalnız brendin ilk elektromobilinin buraxılışından sonra baş verəcəyini bildirib. Elektromobil həqiqətən də yaradılma mərhələsindədir. Əvvəlcə bunun 2022 Airflow konseptinin seriya versiyası olacağı güman olunsa da, şirkət daha müasir konsepsiyanın xeyrinə bu layihədən imtina edib. Elektromobilin 2025-ci ilə qədər debüt edəcəyi gözlənilir, odur ki, restaylinq keçmiş Pacifica 2026-cı ildə və ya daha sonra işıq üzü görə bilər.

O vaxta qədər Chrysler brendi Kanadanın Ontario şəhərindəki zavodda istehsal olunan yeganə model - Pacifica miniveni ilə təmsil olunacaq. Hazırda Pacifica Şimali Amerika bazarında güclü tələbata malikdir və orada ailə miniven sinifindəki yeganə təkrar doldurulan hibriddir. Bu yaxınlarda Chrysler 100 mininci Pacifica plagin hibridini buraxıb: hibrid sırf elektrik ötüməsi ilə təxminən 53 kilometr yol qət edə bilər, onun 16 kilovat-saatlıq batareyasını isə, məişət elektrik şəbəkəsindən doldurmaq mümkündür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.