KİA şirkəti Çikaqo avtomobil sərgisinə Optima modelinin dördüncü nəslinin hibrid güc aqreqatı ilə hərəkətə gələn variantını gətirmişdir. Optima PHEV adlanan sedan Cənubi Koreya istehsalçısının tarixində məişət elektrik şəbəkəsindən qidalanan ilk hibrid avtomobilidir. Bu artıq KİA şirkətinin ekoloji avtomobillər ailəsinin üçüncü fərdidir. Bu ailənin digər iki üzvü KİA Niro və Optima Hybrid modelləridir. Hibrid güc aqreqatının tərkibinə 156 at qüvvəli 2,0-litrlik GDİ benzin mühərriki, 50 kilovatt gücü olan elektromotor və arxa oturacaqların altında yerləşdirilmiş 9,8 kilovatt-saat tutumu olan batareyalar daxildir.
Hibrid qurğunun ümumi gücü 205 at qüvvəsi təşkil edir. Aqreqat altı pilləli avtomatik sürətlər qütüsu ilə birlikdə çalışır. 240 və 120 volt cərəyanlı elektrik şəbəkəsindən batareyaların tam doldurulması üçün, müvafiq olaraq üç və doqquz saat tələb olunur. Yalnız elektrik mühərrikindən istifadə etməklə avtomobil 40 kilometr məsafə qət etmək iqtidarındadır. Qarışıq rejimdə isə, yürüş məsafəsinin uzunluğu 965 kilometr təşkil edir.
Hibrid güc aqreqatının üç fəaliyyət rejimi mövcuddur. Bunlardan birincisi EV adlanan rejimdir ki, bu rejimdə avtomobil ancaq elektrik mühərriki ilə hərəkətə gəlir.
Hibrid rejim HEV adlanır və nəhayət üçüncü - Charging Mode batareyaların doldurulması rejimidir ki, yüksək sürətlərdə əldə edilən enerji batareyaların doldurulmasına yönəldilir.
Bundan əlavə, Optima tormozlama zamanı yaranan enerjinin regenerasiyası və avtomobilin aerodinamik müqavimətinin azalmasına xidmət göstərən aktiv radiator barmaqlığı ilə təchiz edilir. Avtomobilin aerodinamik müqavimətinin göstəricisi 0,24 bərabərdir ki, bu da Tesla Model S modelinin göstəricisi ilə eynidir.
Optima PHEV modelinin təchizatına eko-DAS (sürücüyə yardım sistemi), avtomatik əylənmə sistemi, kor zonalara və zolaqlara nəzarət sistemi, öndən toqquşmanın xəbərdarlıq sistemi, adaptiv kruiz-kontrol, Apple CarPlay və Andriod Auto əlavələrini dəstəkləyən multimedia sistemi və İnfinity səs sistemi daxildir. Bundan əlavə, yüksək kefiyyətli Harman/Kardon səs sistemini də sifariş etmək mümkündür.
KİA Optima PHEV modelinin satışlarının başlanması bu ilin ikinci yarısında başlanmalıdır.