KİA şirkəti söz verdiyi kimi iki il bundan öncə təqdim etdiyi Niro konseptinin seriya variantını Çikaqo avtomobil salonunda təqdim etmişdir. Bir müddət əvvəl Cənubi Koreya istehsalçısı yeni avtomobilin iki tizerini dərc etmişdir. Dərc edilmiş təsvirlərdən göründüyü kimi, Niro modeli krossoverdən daha çox klirensi artırılmış adi hetçbekə bənzəyir.Koreyalılar yeni avtomobili təqdim edərkən onu yeni sinifin - Hybrid Utility Vehicle (HUV) adlanan sinifin ilk modeli olduğunu bildirmişlər. Sözün açığı, bu bir qədər cəsur bəyənatdır - çünki hal-hazırda bir çox istehsalçının model sırasında hibrid güc aqreqatı ilə təchiz edilən krossoverlər istənilən qədərdir.
Avtomobilin dizayndı KİA şirkətinin Kaliforniyadakı və Namyaqdakı dizayn mərkəzlərinin birgə məhsuludur. Dizaynerlərin sözlərinə görə, onlar avtomobili yaradan zaman, onun zahiri görünüşünü qənaətcilliyə qurban verməməyi qərara almışdırlar. Bildiyimiz kimi, yeni avtomobil Hyundai-KİA qrupunun hibridlər üçün hazırladığı xüsusi platformada istehsal ediləcəkdir. Bu platforma artıq Hyundai İoniq modelinin istehsalı üçün istifadə edilir.
Koreyalı istehsalçının bildirdiyinə görə, yeni hibridin istehsalında ultra möhkəmliyə malik poladdan və alüminiumdan geniş istifadə olunmuşdur ki, bu da belə növ avtomobillər üçün vacib göstərici olan çəki problemini həll etməyə yardım etmişdir. Bundan əlavə, koreyalılar avtomobilin yüksək səviyyədə səs izolyasiyasının olduğunu və salonda olan sakitlik səviyyəsinin bir çoxlarını təəccübləndirəcəyini bildirirlər.
KİA Niro modelinin ümumi gücü 146 at qüvvəsi və 264 Nm fırlanma anı olan hibrid güc aqreqatı ilə hərəkətə gəldiyi bildirilir. Hibrid güc aqreqatının tərkibinə 105 at qüvvəsi və 147 Nm fırlanma anı olan və Atkinson dövrü ilə çalışan1,6-litrlik GDi mühərriki, 32 kilovattlıq elektromotor, arxa oturacaqların altında yerləşdirilmiş 1.56 kVt-saatlıq yığcam batareya dəsti və 6-pilləli «robot» sürətlər qutusu daxildir.
Avtomobil 100 kilometrə 4,7 litr yanacaq işlədəcəkdir. Koreyalıların bildirdiyinə görə, hibridin ətraf mühitə vurduğu ziyan minimal olmalıdır - CO2 göstəricisinin səviyyəsi 90 q/km təşkil edir.
Niro hibridinin təchizatına hibrid aqreqatın səmərəliliyini təmin edən köməkçi sistemlər dəsti, salona daxil olan havanın monitorinqi sistemi və kondensatın əmələ gəlməsinin qarşısını almaq üçün avtomatik olaraq şüşələrə isti hava üfürülməsi funksiyası daxildir.
Bundan əlavə, avtomobilin avadanlıq siyahısına Sportage krossoverində debüt etmiş 7-düymlük sensorlu displeyi olan UVO3 multimedia sistemi də daxil edilmişdir.