Ötən ilin nəticələrinə yekun vuran Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) Çin Xalq Respublikasında avtomobillərin istehsalı, daxili və ixrac bazarlarındakı satış göstəriciləri barədə statistikanı paylaşıb. 2024-cü il ərzində Çində 31,282 milyon avtomobil istehsal edilib (2023-cü illə müqayisədə 3,7% artım), idxal olunan avtomobillər də daxil olmaqla, bazarda 31,436 milyon (4,5% artım) avtomobil satılıb.
Çinli alıcılar əsasən hər növ plagin hibridləri və elektrmobilləri ehtiva edən elektrikləşdirilmiş avtomobillərə üstünlük veriblər. Belə növ 12,888 milyon avtomobil istehsal edilib ki, onların da 12,866 milyonu ölkə daxilində satılıb. Artım heyranedicidir: müvafiq olaraq 34,4% və 35,5%! Nəticədə, belə avtomobillər Çin bazarının 40,9%-ni (2023-cü ildəki 31,6% qarşı) təşkil edir. Elektromobillər bu seqmentin 60%-ni tutublar və bu pay azalıb, hibridlər isə, 40%-ə qədər artıblar. Güc aqreqatının növündən asılı olmayaraq, Çin brendləri 2024-cü ili uğurla başa vurublar: onlar 17,97 milyon avtomobil sataraq (artım 23%), ölkə bazarının 65%-ni ələ keçirib və xarici brendləri sıxışdırmağa müvəffəq olublar.
2024-cü il Çin avtomobil istehsalçıları üçün həm də xarici bazarlarda uğurlu il olub: 5,859 milyon avtomobil ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 19,3% çoxdur. Bunlardan 4,955 milyonu minik avtomobilləri (plyus 19,7%), 904 mini isə, kommersiya nəqliyyatı (plyus 17,5%) olub. Maraqlıdır ki, elektromobillər burada da populyarlıqlarını itiriblər: 987 min və minus 10,4%. Eyni zamanda, plagin hibridlərin ixracı demək olar ki, üç dəfə artaraq 297 minə çatıb! Ümumilikdə, elektrikləşdirilmiş avtomobillərin ixracı 6,7% artıb.
CAAM assosiasiyası həmçinin ilk on ixracatçının siyahısını da tərtib edib: Chery (1,144 milyon avtomobil), SAIC (929 min), Changan (536 min), Geely (532 min), Great Wall Motor (453 min), BYD (433 min), BAIC (274 min), Tesla (260 min), JAC (249 min) və Dongfeng (246 min). Ötən illə müqayisədə ən yaxşı dinamikanı BYD (plyus 71,8%), Changan (plyus 49,6%) və JAC (plyus 46,7%) şirkətləri göstəriblər.
CAAM təşkilatının proqnozlarına görə, 2025-ci ildə Çin bazarında ümumi satışlar 32,9 milyon avtomobilə catmalıdır - yəni 4,7% artım gözlənilir. Bunlardan 28,9 milyonu minik avtomobilləri (plyus 4,9%), 4 milyonu isə kommersiya avtomobilləri (plyus 3,3%) olacaq. Elektrikləşdirilmiş avtomobillərin istehsalı 24,4% artaraq 16 milyona çatmalıdır ki, bunun da 6,2 milyonu (plyus 5,8%) ixrac edilməlidir. Ümumilikdə, CAAM Çin avtomobil sənayesi üçün sonrakı artım da proqnozlaşdırır, lakin əvvəlki illərdə müşahidə edilən kəskin artım dalğaları olmayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.