Artıq yeddi ildir ki, avtomobil dünyasında iki müxtəlif Passat mövcuddur. Bunlardan hər ikisini Bakı küçələrində görmək mümkündür. Bizim bazarda rəsmi olaraq satılan Passat, modelin səkkizinci nəsli olub 2014-cü ildə debüt etmişdir. Qeyd etmək lazımdır ki, gələn il bu “avropalı” Passat’ın yenilənmiş ailəsi işıq üzü görməlidir.
İkinci Passat isə ABŞ və Çin bazarında satılan sedandır. 2011-ci ildə debüt edən sedan Avropada satılan adaşından tamamilə fərqlənir – başqa dizaynla bərabər, o daha iri ölçülərə və geniş salona malikdir. Bu günki söhbət elə bu modeldən gedəcəkdir. Çünki, artıq “amerikalı” Passat nəsil dəyişir. Ən maraqlısı odur ki, sedanın ABŞ bazarı üçün deyil, məhz Çin bazarı üçün nəzərdə tutulan variant təqdim olunub.
Yeni Volkswagen Passat sedanın qabarit uzunluğu 4933 millimetrə çatıb! Müqayisə üçün cari modeldə bu göstərici 4872 millimetrdir. Avropada satılan Passat isə 4767 millimetrlik uzunluğa malikdir. Yeni sedanın eni 1836 millimetr, hündürlüyü I - 1465 millimetr, təkər bazasının uzunluğu isə 2871 (+ 68 millimetr) millimetrdir. Sedanın əsasını MQB arxa çoxqollu asqıya malik olan modul platformasının uzadılmış versiyası təşkil edir.
Avtomobilin eksteryerində əsas diqqət çəkən element yeni nəsil Touareg modelinin radiator barmaqlığına bənzəyən barmaqlıqdır. Üstəlik, arxa dayaqdakı əlavə pəncərələr sedana samballıq qazandırır. Sedan standart olaraq işıqdiodlarından fənərlərlə, Audi modellərində olduğu kimi “qaçan” dönmə işıqları ilə təchiz olunur. Əlavə ödənişlə matrisa tipli adaptive fənərləri də sifariş etmək olar. Təklif edilən disklərin ən iri diametrlisi 18-düymlükdür.
Sedanın salonunda ümumfolksvagen elementlərini görmək olar: sükan çarxı, klimat-kontrolun bloku? 9?2-dwymlwk displeyi olan multimedia sistemi və 10,25-düymlük virtual cihazlar paneli “avropalı” Passat modelindən tanışdır. “Çinli” sedanı “avropalı” qardaşı ilə havalandırma sisteminin deflektorları ilə visual birləşən ön panelin dekoru da bənzər edir. Opsiyalar siyahısında elektrik ötürməsi və masaj funksiyası olan ön oturacaqlar, proyeksiya displeyi, panoram tavan, dairəvi görüntü kameraları, Dynaudio səs sistemi və baqaj qapağının elektrik ötürməsi də vardır.
Ənənəvi olaraq Passat arxada geniş məkan təklif edir. Arxa sərnişinlər üçün ayrıca klimat-kontrol, oturacaqların qızdırılması və pəncərələrdəki pərdələr də nəzərdə tutulubdur. Arxada təhlükəsizlik yastıqları da vardır. Bundan əlavə arxa sağ sərnişinə qarşısındakı ön oturacağı tənzimləmək imkanı da verilibdir.
Yeni modelin mühərrik çeşidi sələfindən seçilmir: Çin bazarında sedan 186 və 220 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təklif ediləcəkdir. Güc aqreqatları iki yaş miftalı DSG “robotu” ilə tandemdə çalışırlar. Bir müddət sonra modelin mühərrik çeşidinə 1,4-litrlik turbomühərrik və onun əsasında hazırlanan məişət şəbəkəsindən qidalanan hibrid qurğu daxil ediləcəkdir. Hibrid Passat electromotor quraşdırılmış altı pilləli DQ400e “robotu” ilə təchiz ediləcəkdir. Hibrid qurğunun ümumi hasilatı 211 at qüvvəsi və 400 Nm təşkil edəcəkdir. Elektrik ötürməsi ilə hərəkət rejiminə malik olan sedan 100 km/saat həddinə 7,8 saniyəyə sürətlənəcəkdir. Onun ortalama yanacaq sərfiyyatının 100 kilometrə 1,4 litr olacağı bildirilir.
Amerikada debüt edəcək Passat çinli “qardaşından” mühərrik çeşidi və təchizatı ilə seçiləcəkdir.
Mənbə: Carscoops