Çin istehsalı hibrid avtomobillərin Avropa bazarında sürətlə artması Avropa İttifaqını yeni ticarət məhdudiyyətlərini nəzərdən keçirməyə vadar edib. Çindən Aİ-yə hibrid avtomobil idxalı 2024-cü ilin oktyabrında 3,8 min ədəd olduğu halda, 2026-cı ilin iyulunda 50 minə çatıb.

Aİ-nin Çinlə danışıqlarda hibrid avtomobillərin ixracının könüllü şəkildə məhdudlaşdırılmasını və onların Avropa bazarındakı payının təxminən 15 faizlə çərçivələnməsini təklif etdiyi bildirilir. Hazırda Çin istehsalı hibridlərin payı 33 faizdən çoxdur. Əgər razılaşma əldə olunmasa, Brüsselin əlavə tariflər tətbiq etməsi gündəmə gələ bilər.

Maraqlıdır ki, Çin avtomobillərinin qlobal ekspansiyası ABŞ-da da narahatlıq yaradır. ABŞ avtomobil sənayesini təmsil edən təşkilatlar Çin istehsalçılarının Amerika bazarına daxil olmasının qarşısının alınmasını istəyirlər. Sentyabr ayında Alliance for Automotive Innovation ABŞ-da Çin avtomobillərinin satışı, idxalı və istehsalına daimi məhdudiyyət qoyulmasını təklif edib. Təşkilat bunu sənaye rəqabəti, təchizat zəncirləri və milli təhlükəsizliklə bağlı narahatlıqlarla əlaqələndirir.

Xose Munyos, Hyundai Motor Company

Hyundai şirkətinin ABŞ bölməsinin rəhbəri Xose Munyos da Çin avtomobillərinin Avropada qazandığı mövqenin ABŞ üçün nümunə ola biləcəyini söyləyib. Onun sözlərinə görə, Çin istehsalçıları bəzi Avropa bazarlarında rəqiblərindən 30–40 faiz daha aşağı qiymətlərlə avtomobil təklif edirlər. Hazırda ABŞ-da Çin elektromobillərinə yüksək tariflər tətbiq olunur.

Pekin isə Aİ-nin mümkün könüllü ixrac məhdudiyyətlərinə qarşı çıxır və belə tədbirlərin ÜTT qaydalarına və azad rəqabət prinsiplərinə uyğun olmadığını bildirir.

Beləliklə, məsələ artıq yalnız Avropa avtomobil bazarı ilə məhdudlaşmır. Çin avtomobil sənayesinin sürətli beynəlxalq genişlənməsi həm Avropada, həm də ABŞ-da ticarət, rəqabət və sənaye siyasəti baxımından yeni müzakirələr yaradır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.