Məlum olduğu kimi, Çin bazarı elektromobillərin ən çox satıldığı bazarlardan biridir. Çinin elektromobilə olan tələbatını yerli istehsalçılarla yanaşı, Tesla şirkəti də təmin edir. Lakin, sən demə bu sahədə ciddi problemlər də mövcuddur.
Bu günlərdə Çin hökuməti elektromobil istehsalçılarından, əsasən də Tesla və Nio şirkətlərindən elektrokarların sınaqlarının daha ciddi şəkildə aparılmasını tələb edib. Bunun səbəbi isə, son zamanlar elektrokarlarda baş verən yanğın hadisələrinin artmasıdır.
Çinin nəzarət orqanları istehsalçılardan, xüsusilə, elektrik yükləmə cihazlarının və avtomobiilərin elektrik hissəsinin yenidən gözdən keçirilməyi tələb ediblər. Hökumət, istehsalçılara bu yanğın hadisələrini araşdıraraq müvafiq məlumatın təqdim edilməsi üçün noyabr ayına qədər vaxt verib.
Qeyd etmək lazımdır ki, keçən cümə günü yerli istehsalçı olan Nio markasının buraxdığı ES8 elektrik krossoverində baş verən yanğın hadisəsi, son iki ayda bu modellə bağlı baş vermiş dörd yanğın hadisəsindən biridir. Aprel ayında Şanxaydakı parkinqdə öz-özünə alışıb yanan Tesla Model S elektrokarını da yaddan çıxarmaq lazım deyil.
Tesla Model S
Bütün bunları nəzərə alan Çin hökuməti artıq istismar edilən avtomobillərində nəzarətdən keçirilməsinin, özəlliklə də taksi fəaliyyətində istifadə edilən elektrokarların yoxlanılmasının vacib olduğunu vurğulayıb. Xatırladaq ki, 2018-ci ildə Çində elektrokarlarda baş vermiş 40 yanğın hadisəsi qeydə alınıb.